Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Səfirlikdən Teleqraf.com-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin büstünün önünə gül dəstəsi qoyulub və xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfir Lətif Qəndilov çıxış edərək Azərbaycan tarixinin otuz beş illik şərəfli bir dövrünün dahi siyasətçi, Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. O, Heydər Əliyevin öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət olduğunu, qarşıya çıxan bütün çətinliklərə sinə gərərək, Azərbaycana həm bölgədə, həm də dünyada layiqli yer qazandırdığını vurğulayıb. Səfir Ümummilli Liderimizin yalnız öz dövrü üçün yaşamadığını, öz dövrünün qayğıları ilə məşğul olmadığını, Azərbaycanın tarixi keçmişini bərpa etdiyini, milli-mənəvi irsini, dəyərlərini özünə qaytardığını, milli adət-ənənələrini yaşatdığını söyləyib.
Səfir bildirib ki, ölkəmizdə 1993-cü ilin iyun ayında baş verən hadisələr dövlətçiliyimizi və müstəqilliyimizi böyük təhlükə altına salmışdı. Azərbaycan bir dövlət kimi parçalanıb məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ölkədə özbaşınalıq, hakimiyyətsizlik, anarxiya hökm sürürdü. Belə bir dözülməz vəziyyətdən cana yığılan xalq öz nicatını yalnız və yalnız böyük oğlu, dahi Heydər Əliyevdə görürdü. Ona görə də xalq ayağa qalxdı, böyük təkidlə Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Öz xalqının taleyinə heç vaxt biganə qalmayan Ulu Öndər 1993-cü il iyunun 9-da Bakıya gəldi, Azərbaycanı vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçiliyimizə qarşı çıxan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
L.Qəndilov 27 sentyabr tarixində Ermənistanın Azərbaycana son təcavüzü ilə əlaqədar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərimizin azad olunmasından danışaraq, bu şanlı Qələbənin əsasının Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qoyulduğuna diqqət çəkib.
Səfir bildirib ki, Azərbaycan xalqı qarşısında Ulu Öndərimizin ən böyük xidmətlərindən biri də özündən sonra onun müəyyənləşdirdiyi siyasi, iqtisadi inkişaf kursunu davam etdirə biləcək cənab İlham Əliyev kimi siyasi varis yetişdirməsidir. Bu gün Azərbaycan Prezidenti ona olan bu ümidləri layiqincə doğruldaraq, dahi öndərin ideyalarını, təməlini qoyduğu möhtəşəm işləri müasir dövrün tələbinə uyğun, uğurla davam etdirir. Bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla həyata keçirilir. Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaq.