12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi, ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur. Xalqımız daima onu ehtiramla yad edir. Ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikrincə, Heydər Əliyevin 1969-1982-ci illər sovet rəhbərliyində olduğu dövr Azərbaycan tarixində əsaslı dönüş nöqtəsidir:
"O vaxta kimi Azərbaycan adlı Respublika nəinki dünya, hətta ittifaq miqyasında tanınmırdı. Baxmayaraq ki, ölkəmiz ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. 1969-cu ildə Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanın inkişaf dövrü başlayıb. Onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib. Təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib”.
Cavid Osmanov ulu öndər Heydər Əliyevin ölkəmizə ikinci rəhbərliyinin mürəkkəb dövrə təsadüf etdiyini deyib:
“1990-cı illər Azərbaycanın tarixinə ağır faciələr yaşanırdı. İttifaqın süqutundan sonra 15 dövlətdən yeganə - Azərbaycan ərazisinin 20 faizi işğal edildi. 20 mindən çox şəhid, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün düşdü. 20 Yanvar qırğınından sonra ulu öndər Heydər Əliyev Naxçıvana qayıtdı. Orada xalqın iradəsi ilə ali məclisə rəhbərlik etməyə başladı. 17 noyabr 1990-cı ildə Naxçıvanda Heydər Əliyev ilk dəfə üçrəngli bayrağımızı dalğalandırdı. Bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsi oldu. Milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı”.
Millət vəkili qeyd edib ki, ulu öndər Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi:
“Bununla da Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici dövrü başladı. O illərdə ölkədə anarxiya, xaos, sərhəd bölgələrimiz Ermənistanın təcüvüzünə məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordunu yaratmağa macal yox idi. Belə ölkəyə rəhbərlik etmək böyük məsuliyyət tələb edirdi. Ulu öndər Heydər Əliyev bu məsuliyyətin öhdəsindən gələ bildi. Bundan sonra çox mühüm islahatlar sırasında ordu quruculuğunda əsaslı işlər görüldü. 1994-cü ilin qışında Azərbaycan Ordusunun cəbhədəki ilk uğurlu əməliyyatı reallaşdı. Bu uğurlu addımların müəllifi ulu öndər Heydər Əliyev idi”.
Deputat qeyd edib ki, Azərbaycan ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qalan, cənab Ali Baş Komandan İlham Əliyevlə tarixi qələbələrə imza atdı:
“30 ilə yaxın işğalda qalan ərazilərimiz düşməndən azad edildi. Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq düşməni öz sərhədlərindən qovub çıxardı. Ulu öndərin vəsiyyətinə uyğun olaraq cənab Ali Baş Komandan ərazi bütövlüyü tam təmin edilmiş güclü Azərbaycana rəhbərlik edir”.