Rus sülhməramlıların 10 noyabr bəyanatına zidd addımlar atması Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradıb. Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir "xəritə" cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verdiyini sual edir. "Xəritələr"lə manipulyasiya və sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir. Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, bu, təkcə beynəlxalq öhdəliklərin pozulması deyil: “Eyni zamanda hələ də Xankəndində qalan terrorçuların əl-qol açmasına şərait yaradır. Bu "xəritələr" Azərbaycanın beynəlxaq birlik tərəfindən tanınan ərazi bütövlüyünə uyğun tərtib edilməlidir”.
Deputat qeyd edib ki, bu əraziləri Azərbaycan əsgəri can-qanı hesabına düşməndən azad edib.
Məlahət İbrahimqızının sözlərinə görə, fəaliyyətinə yeni başlayana sülhməramlılara qarşı artıq narazılıq var: “Sülhməramlılar sülhü qorumalı, təcavüzkara imkan yaradan addımlar atmamalıdır. Azərbaycan ictimiaiyyəti buna kəskin etiraz edir. Sülhməramlıların beynəlxalq hüquqdan kənara çıxması Rusiya-Azərbaycan münasibətlərinə də mənfi təsir edir. Bu, eyni zamanda qonşuluq, strateji əməkdaşlıq münasibətlərinin ümumi ruhuna ziddir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqeyi var. Rusiya dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hətta Rusiya rəhbərliyi tərəfindən açıq şəkildə vurğulanıb ki, Dağlıq Qarabağ problemi bitib”.
Millət vəkili Qarabağda olan müəyyən silahlıların rus sülhməramlıları ilə hansı bir əməkdaşlığının olmasını da istisna etməyib: “Əgər bütün bunlar nəzərə alınmasa, güclü Azərbaycan Ordusu öz uğurlu missiyası davam etdirərək düşmənə bundan sonra da ağır zərbə vuracaq”.