ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun uzun müddət münaqişənin həlli ilə bağlı üzərində çalışdığı, lakin həyata keçirə bilmədiyi və ya keçirmək istəmədiyi Madrid prinsipləri artıq aktuallığını itirib. Nəzərə alınmalıdır ki, Azərbaycan torpaqlarını öz gücülə işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib, münaqişənin həllində Minsk Qrupunun heç bir rolu olmayıb. 10 noyabr razılaşmasında həmsədrlər iştirak etməyib. Nəhayət, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq mövcud deyil.
Bunu Teleqraf.com-a ATƏT Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev deyib.
Onun fikrincə, bu, Minsk Qrupunun mandatı və görəcəyi işlər sual altında qalmaqda davam edir.
Deputat bildirib ki, Minsk Qrupu ya ləğv edilməli, ya da Azərbaycan bu institutla əməkdaşlıq etmək istəsə, onun mandatı dəyişilməlidir: “Minsk Qrupunun həmsədr ölkələri hazırki reallığı dərk edərək Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarının təhlükəsiziliyi və hüquqlarının təminatı ilə bağlı Prezident İlham Əliyevin verdiyi zəmanəti birmənalı dəstəkləməlidir. Minsk Qrupu bu mövzuya bir daha müdaxilə etməməlidir. Eyni zamanda Minsk Qrupunun həmsədrləri öz ölkələrində erməni separatizmini və şovinizmini dəstəkləməkdən və Azərbaycanın ərazi bütövlüyünə zərər vuran addımlardan imtina etməlidir”.
Millət vəkilinin qənaətinə görə, əgər Minsk Qrupunun həmsədr ölkələri, xüsusilə Fransa regionda nüfuzunu və etibarını bərpa etmək istəsə, bunun üçün görülə biləcək kifayət qədər işlər var: “Həmsədr ölkələr Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılan minaların xəritəsini Ermənistandan alıb bizə verə bilərlər. İstəsələr bunu yəqin ki, asanlıqla etmək mümkündür. Minsk Qrupu Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını ifadə edən anlaşmada iştirak edə bilər.
Azərbaycanın daxili işlərinə qarışmamaq öhdəliyini əks etdirən və Cənubi Qafqazda uzun müddətli qalıcı sülhü və əməkdaşlığı təmin edən ikitərəfli beynəlxalq sazişin imzalanmasına töhfə verə bilərlər. Bundan əlavə Ermənistan tərəfindən dağıdılmış ərazilərin minalardan təmizlənməsinə, infrastrukturunun qurulmasına, məcburi köçkünlərin geri qayıtması üçün dağıdılmış şəhər, qəsəbə və kəndlərin inşasına donorluq edə bilərlər. Hətta bu layihələrin icrası üçün qrant vəsaitləri ayıra bilmək imkanları da var. Çünki Minsk Qrupunun həmsədrləri buna borcludurlar. Onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1993-cu ildə qəbul edilmiş qətnamələrin icrasını təmin etməliydilər. Minsk Qrupu TŞ-nın qətnaməsini yerinə yetirməyə borclu idi. Bunu etmədiklərinə görə uzun müddət işğalda qalan və tarimar edilən Azərbaycan torpaqlarına görə ən azından siyasi və mənəvi məsuliyyət daşıyırlar”.
Azay Quliyevin qənaətincə, əks təqdirdə dəvət edilməmiş bu qonaqların bizim üçün heç bir faydası yoxdur: “Onlarla Azərbaycanın bu mövzuda gələcək əməkdaşlığının siyasi perspektivi isə sıfıra bərabərdir”.