Ermənistan və Dağlıq Qarabağdakı terrorçu-separatçı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klaster bombaları atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Human Rights Watch” təşkilatının dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı klaster bombalarından istifadə edib” adlı hesabatında qeyd olunub.
Sənəddə bildirilib ki, klaster sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.
Təşkilat standart beynəlxalq nəşrlərə istinadla yazır ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var.
Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klaster bombaları ilə dörd hücumun gerçəkləşdirildyini sənədləşdirib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil olmaqla 20 nəfər yaralanıb.
“Klaster sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir. Həm Ermənistan, həm də Azərbaycan klaster sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.
Klaster bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər.
Azərbaycan rəsmiləri isə əməliyyatlar vaxtı klaster bombalardan istifadə etmədiyini bildirib, üstəlik, yalnız hərbi hədəfləri vurduğunu açıqlayıb.
Təşkilat oktyabrda Azərbaycanın Bərdə şəhərinə klaster bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib. Azərbaycana hücumların biri Bərdədə, ikisi Goranboyda, biri Tərtərdə qeydə alınıb. Qurum hücum vaxtı həmin ərazilərdə, yaxud onların yaxınlığında hərbçi personalın, avadanlığın, texnikanın mövcudluğunu müəyyənləşdirə bilməyib.
“Human Rights Watch” noyabrın 27-də Yerevanda Xarici İşlər Nazirliyinin təmsilçisi ilə görüşüb. Sonuncu Ermənistanın arsenalına klaster sursatlarının olmadığını deyib.
Ancaq hesabatda standart beynəlxalq nəşrlərə istinadla qeyd olunur ki, Ermənistanın arsenalında “Toçka” və “İsgəndər” ballistik raketləri, “Smerç” və Çin istehsalı olan WM-80 yaylım atəşi sistemləri var. Bunların hamısı kasset bombalı başlıqlar yaya bilir. Sənəddə vurğulanıb ki, Dağlıq Qarabağdakı qüvvələrin klaster sursatları olmadığından bu hücumları ya Ermənistan qüvvələri həyata keçirib, ya da Dağlıq Qarabağdakı qüvvələri sursatla təmin edib.
“Klaster sursatları qadağan olunduğundan heç bir şəraitdə istifadə olunmamalı, yaxud başqasına verilməməlidir”, – “Human Rights Watch” hesabatın sonunda qeyd olunub.