Xalqımızın ən böyük arzularını gerçəkləşdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyətli iradəsi və rəhbərliyi nəticəsində rəşadətli ordumuz sentyabrın 27-dən başlayaraq 44 gün ərzində əks-hücum əməliyyatları ilə Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələrin uğurlu həllinə nail oldu. Ermənistan özünün tam və qeyd-şərtsiz kapitulyasiyasını etiraf etdi. "Qarabağ Azərbaycandır və nida” ifadəsi tariximizin gerçəkliyi, Böyük Qələbəmizin rəmzinə çevrildi.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Nazir qeyd edib ki, əks-hücum əməliyyatları zamanı ordumuzun müzəffər yürüşü qarşısında aciz qalan, küncə sıxışan işğalçı Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədirdi.
“Silahlı Qüvvələrimizə dəstək və mülki əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələri şərəflə icra edən Fövqəladə Hallar Nazirliyinin qüvvələri ən ekstremal vəziyyətlərdə xidməti vəzifələrini icra edir, düşmənin artilleriya atəşləri nəticəsində baş verən dağıntılar zamanı axtarış-xilasetmə əməliyyatlarını yerinə yetirir, insanların xilas edilməsi və təxliyəsini həyata keçirir, yanğınların dərhal aradan qaldırılması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərirdilər. Təcavüzkar Ermənistanın dinc sakinləri hədəfə almaqda davam etdiyi günlərdə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanan müxtəlif məzmunlu maarifləndirici çap materialları cəbhəyanı ərazilərdə və düşmən tərəfinin hədəfinə çevrilmiş digər yaşayış məntəqələrinin əhalisi arasında paylanılaraq müvafiq maarifləndirmə işləri aparıldı.
Ermənistan Respublikasının Azərbaycanın mülki əhalisinə qarşı terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələrin aidiyyəti qurumlarına və beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. Belə ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumlarına və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırıldı. Bu çərçivədə xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilirdi, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi bildirilirdi. Həmin məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunmuşdur”, - deyə nazir qeyd edib.