16 Dekabr 2020 11:23
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Ötən 28 il müddətində Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, dekabrın 12-də Prezident İlham Əliyev həmsədrlərlə görüşündə reallıqları qarşı tərəfin diqqətinə çatdırdı: “ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət fərqli durumdadır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirib”.

Millət vəkilinin sözlərinə görə, Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunun əksini sübut edə bildi: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Hərbi variant yoxdur” deyənlər sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə dəyişdi. Xalqın əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində işğala son qoyuldu.

Görüşdə Pezident İlham Əliyev bildirdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. BMT qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq münaqişə həll olunmurdu. Həmsədrlər Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, erməni qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etmirdilər.

Beynəlxalq vasitəçi olan ölkələr Ermənistana işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdilər. Lakin belə bir addım atılmadı. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etmədilər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış eləməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirçəkdən başqa heç bir iş görmədilər.

Ona görə də, Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub.

Artıq bu məsələlər geridə qalıb. Cənab Prezidentin qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Biz gələcəyə baxırıq. İşğaldan azad olunmuş bölgələrdə quruculuq işlərinin həyata keçirilməsi və insanların öz yurdlarına qayıtması qarşıda duran əsas vəzifədir. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq müstəvidə də yerini və rolunu gücləndirdi”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər