ÜST-ün missiyası 8-12 dekabr tarixlərində TƏBİB və Səhiyyə Nazirliyinin əməkdaşları ilə Tərtər, Ağdam və Gəncə regionlarında tibb müəssisələrini ziyarət edib. Ümumən 12 tibb müəssisəsinə baş çəkilib.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün keçirilən brifinqdə deyib:
"Səhiyyə ehtiyaclarını və insanların koronavirusla bağlı bilgilərini öyrənmək üçün sorğular apardıq. Tibb işçiləri bu çətin dövrdə əllərindən gələni edirlər. Müharibə zonasında bir sıra tibb müəssisəsinə ciddi ziyan dəyib. Tibb işçiləri çətin şəraitdə zəruri tibbi xidmətləri maşında göstəriblər"
Hande Harmancı bildirib ki, peyvənddən istifadə üçün soyuq zəncir sistemini təkmilləşdirmək lazımdır: "Müharibə və COVID-19 Azərbaycan səhiyyə sisteminə ağır təsir edib və digər xəstəliklərlə bağlı xidmətlərdə çətinliklər yaradıb. Bəzi xəstəxanalarda tibb işçilərinin sayında çatışmazlıq müşahidə edilir.
Bu gün vətəndaşlar arasında stress kimi hallar artıb və bu onların həyat tərzinə təsir göstərməkdədir. Tibb işçilərinin təhlükəsizliyi, onların xəstəlikdən qorunması çox vacibdir. Bu, tibb işçiləri üçün stress faktorudur. Xəstəliyə yoluxmada artım hər kəsi narahat edir. Əksər bölgələrdə test və avadanlıqlar kifayət qədərdir. Lakin müraciətlərin çoxluğuna görə test cavabları gecikir və bu səbəbdən təkmilləşdirməyə ehtiyac var. Davamlı təlimlər infeksiyaya yoluxanların sayını azaltmaq və müalicə üçün vacibdir".
Hande Harmancı bildirib ki, missiyanın nəticələrinə görə, virusa yoluxma hallarının azaldılmasında təbliğatı aparılan qaydalara diqqət etmək bu gün əsas amildir: "Ətraflı hesabat hazırlayıb, tərəfdaşlarla bölüşmək lazımdır. Səhiyyə Nazirliyi və TƏBİB ilə belə missiyaları tez-tez etk lazımdır. ÜST səhiyyə Nazirliyi və TƏBİB ilə işləməyə davam edəcək".