Xocavənd rayonunda qanunsuz erməni silahlı birləşmələri zərərsizləşdirilib. Bu əməliyyatın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən anti-terror əməliyyatı kimi dəyərləndirilməsi çox doğru addımdır. Uğurlu əməliyyat nəticəsində 100-dən çox erməni silahlısı tərkisilah edilib. Müqavimət göstərənlərə qarşı adekvat tədbirlər görülüb.
Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
O qeyd edib ki, Dağlıq Qarabağda yaşayan dinc erməni sakinlərlə heç kimin işi yoxdu, onlar Azərbaycanın vətəndaşları kimi “dinc” olduğu müddətcə yaşaya bilərlər:
“Bu adamların təhlükəsizliyinə və hüquqlarının təminatına ən ali səviyyədə təminat verilib. Ancaq kimsə əlinə silah alıb bizim əsgərimizə və ya hüquq mühafizə orqanlarının əməkdaşlarına xəsarət yetirmək istəyərsə, o zaman həmin şəxslərə qanunun sərt dili ilə cavab veriləcək. Hamı bilməlidir ki, Dağlıq Qarabağda bu cür qanunsuz silahlılar bizim üçün terror təhdidi yaradır. Terrorçularla münasibətdə başqa ölkələr hansı addımlar atırsa, Azərbaycan da eyni şəkildə edəcək. Konkret olaraq həmin şəxslər Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun şəkildə cəzalandırılacaq. Buna işə heç kim müdaxilə edə bilməz. Kimsə Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə təhlükə törədən terrorçuların, qanunsuz silahlıların zərərsizləşdirilməsinə mane ola bilməz”.
Deputatın fikrincə, azərbaycanlıların tezliklə Xankəndinə, Xocalıya, Əsgərana və Ağdərəyə qayıtması təmin edilməlidir:
"10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq bu ərazilər erməni silahlı dəstələrindən tam təmizlənməlidir. Bundan sonra soydaşlarımızın təhlükəsiz şəkildə həmin ərazilərə qayıtmaları üçün hazırlıq işlərinə başlanılmalıdır. Bu mərhələnin normal şəkildə, tezliklə öz həllini tapması yaxşı olar. Əgər ermənilər anti-terror əməliyyatlarının davam olunmasını istəmirlərsə, o zaman bütün qanunsuz silahlı birləşmələr Azərbaycanı tərk etməlidir. Onların arasında bizim vətəndaşlar varsa, tərkisilah olunub mülki həyata qayıtmalıdır. Türkiyə silahlı qüvvələrinin iştirakı ilə 10 noyabr sazişinin icrasına nəzarəti həyata keçirəcək Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlaması olduqca önəmlidir. Bunun prosesin sürətlənməsinə ciddi təkan verəcəyi şübhə doğurmur”.
Millət vəkili o qədər də sadə olmayan bu mərhələni də cənab Prezidentin uzaqgörən siyasəti və qətiyyəti ilə uğurla başa çatacağını söyləyib:
“Bu həssas mərhələdə prinsipal, soyuqqanlı, təxribatlara uymadan tədbirli davranmalıyıq ki, gözlənilməz situasiyalarla üzləşməyək”.