Azərbaycan nümayəndə heyəti “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans keçirmək üçün Türkiyənin paytaxtı Ankaraya səfər edib.
Teleqraf.com-un məlumatına görə, nümayəndə heyətinə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli, Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev, elmi işçi Azad Qəribov və media xidmətinin rəhbəri Mehriban Həsənova daxildir.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin heykəlini ziyarət edib.
Daha sonra nümayəndə heyətinin üzvləri Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovla görüş keçirib.
Günün ikinci yarısında SAM və Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) birlikdə təşkil etdiyi “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda beynəlxalq konfrans baş tutub.
Konfransda USAK-ın direktor müavini Selcuk Çolakoğlu, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov açılış nitqləri ilə çıxış edib.
Moderatorunun Kamer Kasım olduğu “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda birinci sessiyanın məruzəçiləri Fərhad Məmmədov “Cənubi Qafqazda təhlükəsizlik məsələləri – mövcud vəziyyət”, Eka Tkeşelaşvili “Gürcüstanın təhlükəsizliyi 2008-ci ildən sonra” və Oktay Tanrısever “Qafqazda enerji təhlükəsizliyi” mövzularında çıxışlar ediblər.
Moderatorunun Fərhad Məmmədov olduğu “Cənubi Qafqazın təhlükəsizliyində regional faktorlar” mövzusunda ikinci sessiyanın məruzəçiləri Kamer Kasım “Türkiyənin Cənubi Qafqazdakı təhlükəsizlik siyasəti”, Güner Özkan “Rusiyanın Cənubi Qafqaza yönələn təhlükəsizlik siyasəti” və Cavid Vəliyev “Regional üçtərəfli əməkdaşlıq: Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Türkiyə” mövzularında çıxışlar ediblər.
Konfrans sual-cavab sessiyası ilə başa çatıb.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin “Avrasya İncelemeleri Merkezi”ndəki (AVİM) görüşlə yekunlaşıb.
Səxavət