“Kəlbəcərin Ağdaban kəndinin qaytarılmaması üçün bağlı müxtəlif manupulyasiyalar gedir”.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, hazırda Kəlbəcərin Ağdaban və ona yaxın kəndlərinin ətrafında xoşagəlməz proseslər baş verir:
“Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Ağdam və Laçın kimi, Kəlbəcəri də vətənimizə qovuşdurdu. Şəhid vermədən Kəlbəcər də erməni işğalından azad edildi. Artıq ermənilərin bu və ya digər təxribatlarına, göstərdikləri müqavimətə baxmayaraq, dövlətimiz və onun müvafiq qurumları, xüsusi olaraq, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin ərazilərdə Azərbaycanın suverenliyini reallaşdırmaqda, düşmənin təxribatlarını qətiyyətlə aradan qaldırmaqda, müqavimətini ciddi şəkildə qırmaqdadır. Təəssüflə qeyd edim ki, indi Kəlbəcərin Ağdaban və bir neçə kəndi ətrafında xoşagəlməz proses müşahiə edilir. Xatırlatmaq istərdim ki, Ağdaban kəndi Azərbaycan mədəniyyətinə Dədə Şəmşir kimi nəhəng ustad sənətkar təqdim edib. Bu kəndin sakinləri hər zaman dövlətçiliyimizə bağlı olub. Təsadüfi deyildi ki, Ağdaban sakinlərinin Ermənistan silahlı qüvvələrinə qarşı göstərmiş olduğu fədəkarlığa görə erməni vandalları tərəfindən 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə soyqırımına məruz qalıblar. Erməni daşnakları Ağdabanın 130-dan çox evini tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutulub, soyqırımı nəticəsində 67 nəfər amansızcasına qətlə yetirilib.
Eyni zamanda 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırılıb. Bu qətliam zamanı 2 nəfər itkin düşüb, 12 nəfər ağır bədən xəsarəti alıb və 5 nəfər girov götürülüb. Belə bir faciə ilə üzləşən Ağdaban SSRİ dövründə anklav şəkildə Ağdərənin ərazisində olmasına baxmayaraq, yenə də bütün rəsmi sənədlərdə Kəlbəcərin kəndi kimi qeyd olunub. İndi bu kəndin Kəlbəcərə qaytarılmaması ətrafında manupulyasiyalar gedir”.