İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, “İtochu Corporation” şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib. Nazir əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb, indiyədək ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalandığını deyib.
Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir. Şahin Mustafayev əlaqələrin inkişafında Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini, eləcə də iş adamlarının iştirakı ilə keçirilən biznes forum, işgüzar görüş və sərgilərin rolunu qeyd edib. Bildirilib ki, “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib. Görüşdə diqqətə çatdırılıb ki, 2014-cü il Azərbaycanda “Sənaye ili” elan edilib və sənayenin inkişafı üçün tədbirlər həyata keçirilir. Azərbaycanın filiz yataqları ilə zəngin olduğunu qeyd edən nazir Şahin Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirmişdir. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında müqavilə imzalanmış və şirkət Gəncə və Daşkəsəndə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin təşkili ilə bağlı Azərbaycan tərəfinə məsləhət xidməti göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində işlərin aparıldığını vurğulayan Şahin Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb.
Yoiçi Kobayaşi isə əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin inkişafında bu il Yaponiyada 8-ci iclası keçirilmiş Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini diqqətə çatdıran Yoiçi Kobayaşi rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə də məlumat verib.
Naibə