23 Dekabr 2020 15:55
13 659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KİV Xocalı aeroportunun dekabrın 25-də açılacağı barədə məlumat yayıb. Bildirilir ki, texniki baxımdan açılışa tam hazır olan hava limanından sülhməramlıların maddi-texniki təminatını ödəmək üçün istifadə olunacaq.

Hüquqşünas Ərşad Hüseynov Teleqraf.com-a bildirib ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına, Çikaqo və Varşava konvensiyalarına əsasən, aeroportlar hansı ölkənin ərazisindədirsə, həmin ölkənin milli aviasiya qurumunun icazəsi ilə ondan istifadə oluna bilər:

“Buraya həmin hava limanından və həmin hava limanına uçuşlar da daxildir. Noyabr ayında AZAL Azərbaycanın 6 hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınması haqqında məlumat yaymışdı. AZAL Xankəndində yerləşən hava limanının da ICAO-nun yenilənmiş reyestrinə salınmasına nail olduğunu açıqlamışdı. Bununla da İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanları Azərbaycana məxsusdur.

İndiyə qədər çox çalışsalar da Xankəndindəki qondarma rejimi heç kim tanımayıb. Artıq bu məsələ aktuallığın itirib. Ona görə də adıçəkilən beynəlxalq təşkilat təkcə Azərbaycanla işləyəcək”.

Hüquqşünasın sözlərinə görə, hava limanından istifadə rejimi müstəsna olaraq Azərbaycanın sərəncamında olacaq: “Azərbaycan icazə verdiyi təqdirdə bu aeroportdan sülhməramlılar da istifadə edə bilər. Gələcəkdə buradakı fəaliyyətə uyğun olaraq beynəlxalq və daxili reyslər həyata keçirilə bilər. Hər halda bu məsələlər həm beynəlxalq konvensiyalara, həm də ölkəmizin qanunvericiliyinə uyğun həllini tapacaq”.

Ərşad Hüseynov 1990-cı illərdə Xankəndi hava limanının fəaliyyət göstərməsinə diqqət çəkib: “Bu aeroport indiki kimi yox, daha kiçik təyyarələri, helikopterləri qəbul edə bilirdi. O vaxtı müharibə başlayanda Azərbaycanın hava hücumundan müdafiə qüvvələri oraya nəzarət edə bilmədi.

Şükürlər olsun ki, bu gün Azərbaycanın hava hücumundan müdafiə qüvvələri ölkəmizin bütün hava məkanına nəzarət edə bilir. Artıq Laçında, Kəlbəcərdə Azərbaycan Ordusu var. Azərbaycanın razılığı olmadan Xocalı aeroportuna uçuş mümkün deyil. İstənilən sərhəd pozuntusuna ölkəmizin hava hücumundan müdafiə qüvvələri müdaxilə edəcək və qanunauyğun tədbir görəcək. Buna görə də adıçəkilən hava limanından ancaq Azərbaycanın icazəsi ilə istifadə oluna bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər