Başda Dağlıq Qarabağ, Suriya, Liviya, Orta Şərq və Şərqi Aralıq dənizi olmaqla bütün regional məsələləri müzakirə etdik.
Teleqraf.com xəbər verir ki, bunu Soçi şəhərində Yüksək Səviyyəli Rusiya-Türkiyə Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, bölgənin iki böyük ölkəsi olaraq əməkdaşlıq yaxşı nəticələr verməkdədir: “Qarabağda atəşkəs əldə edildi. Rusiya sülhməramlı missiyası ərazidədir. Atəşkəsə nəzarət üzrə mərkəzimiz də qurulur. Tezliklə həyata keçəcək və fəaliyyətini sürdürəcək. Burada amalımız davamlı sülh və sabitlikdir. Bunun üçün altılıq formatı da daxil olmaqla bütün imkanlarımızı səfərbər etməyimiz, etimadyaradıcı addımların atılması lazımdır. Mən inanıram ki, bu addımlar atıldıqda davamlı sülhü təsis edəcək, bu yolla bölgədəki ölkələr arasındakı əlaqələri də normallaşdıracağıq. Cənab İlham Əliyev bütün çətinlikliklərə rəğmən sülh əlini Ermənistana uzatdı. Xoş niyyətini göstərdi. Cənab prezidentimiz və bizlər də əgər bu proses davam edərsə, davamlı sülh olacaqsa, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan olaraq əlaqələrimizi normallaşdıra biləcəyimizi dəfələrlə bldirmişik. Bunun olması lazımdır. Təbii ki, biz bu istiqamətdəki çalışmalarımızı Azərbaycanla koordinasiya edəcəyik. Rusiya il bu mövzuda əməkdaşlığımız da önəmlidir”.
M.Çavuşoğlu daha sonra deyib: “Biz gerçəkdən davamlı sülh, sabitlik və iqtisadi inkişaf əldə olunan bir nəticə görmək istəyirik. Elə etmək istəyirik ki, bu gün orada sülhü təsis və nəzarət etmək üçün yaradılan missiyalara da gələcək dövrdə ehtiyac qalmasın. Bunun əvəzinə iqtisadi və regional əməkdaşlığı ön plana çıxarmağa davam edək. Bu istiqamətdə əməkdaşlığımızı davam etdiririk”.