4 Yanvar 2021 08:25
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünyanın sürətlə inkişaf edən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Ümummilli liderin qurduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin şərəfli bir dövrünü yaşayır. Ölkəmiz regionda yeni gücə çevrilib. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan döndərə bilməyəcək.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Millət vəkili bildirib ki, 2020-ci il Azərbaycan üçün siyasi, diplomatik, hərbi və digər sahələrdə uğurlu oldu.

Onun sözlərinə görə, ötən ilin ən mühüm uğuru 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfərdir: “Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu. 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həlli üçün səylər göstərib. Ermənistan isə işğalçılıq siyasətindən əl çəkməyib. İşğalçı ölkədə yeni ərazilər “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı bəyanatlar danışıqlara ciddi zərbə vurdu”.

Deputat cənab Prezidentin beynəlxalq birliyi işğalçı Ermənistanın əməlləri barədə vaxtaşırı məlumatlandırdığını söyləyib: “Məlum Münhen debatında cənab Prezident işğalçı Ermənistanın mövqeyini darmadağın etdi. Paşinyanı dünya ictimaiyyətinin gözü önündə rəzil oldu. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində də Ermənistanın danışıqların mahiyyətini və formatını məhv etməsi məsələsini qabardıb. Eyni zamanda BMT-nin 75-ci sessiyasında beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilib. Bunun qarşısını almağa çağırılıb. Beynəlxalq birliyin susqunluğundan ürəklənən işğalçı Ermənistan sentyabrın 27-də genişmiqyaslı təxribata əl atdı. Lakin bu işğalçı ölkə üçün darmadağın və kapitulyasiya ilə nəticələndi”.

Sevinc Fətəliyeva Vətən müharibəsində şanlı Qələbəni şərtləndirən mühüm amillərə toxunub.

Deputat son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi bazanın formalaşmasından bəhs edib: “Vacib beynəlxalq sənədlər qəbul olundu. Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti ifşa edildi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi faktlar dünya ictimaiyyətinə çatdırıldı. Beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe sərgiləndi. 44 günlük müharibə müddətində ölkə rəhbəri tərəfindən verilən müsahibələrdə işğalçı Ermənistan və havadarlarının əməlləri ifşa edildi”.

Sədr müavini Vətən Müharibəsinin əsas qəhrəmanın Prezident İlham Əliyev olduğunu qeyd edib: “Cənab Prezident bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT-nin münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib. Dövlətimizin başçısı dekabrın 31-də gələcək hədəflərlə bağlı fikirlər səsləndirib. Bundan sonra ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər