6 Yanvar 2021 16:23
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benzin və dizelin qiymətindəki dəyişiklik həmin məhsulların avrostandartlara uyğunlaşdırılması üçündür. Ekoloji mühitin yaxşılaşdırılması, qorunması hər zaman diqqətdədir. Neft emalı sənayesində modernləşdirmə işləri davam edir. Ümumilikdə 2022-ci ilə kimi dizel yanacağı və Aİ-92 benzini AVRO-5 standartına uyğunlaşacaq. Ona görə də tarif tənzimlənməsinə konservativ yanaşma var.

Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü İlham Məmmədov deyib.

Deputat enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılmasının vacibliyini bildirib:

"Əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji təchizatı nəzərə alınıb. Dizeldən istifadənin ekoloji zərərini nəzərə alaraq mümkün addımlar atılır. Az tullantılı enerji daşıyıcılarından istifadənin təşviqi məqbuldur. Benzinin dizelə nisbətdə ekoloji zərərləri azdır. Bu məqsədlə onların arasında qiymət fərqi azaldılıb”.

İlham Məmmədov Aİ-92-nin tarifinin dəyişməsinin istehlak bazarında qiymət artımına səbəb olmayacağını qeyd edib:

“Qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni, qənaətcil avtomobillərə keçidi stimullaşdıracaq. Tarif dəyişikliyi dövlət büdcəsinə əlavə daxilolmaları artıracaq. Yaranan əlavə vəsait sistemli sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək”.

Komitə üzvü ələvə edib ki, qiymət dəyişikliyinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək:

“Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər