“Azərbaycan işğal altında qalan torpaqlarını azad etdikdən sonra Ermənistan iqtisadiyyatının enerjiyə, taxıla olan tələbatının ödənilməsində problemlər yaranıb”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.
O bildirib ki, 2018-ci ildən etibarən Ermənistan elektrik enerjisinin bir hissəsini Dağlıq Qarabağdan alıb: “Hətta bu ildən 330 milyon kvt/saat elektrik enerjisinin idxalı planladırılmışdı. İndi əksinə, Dağlıq Qarabağda fəaliyyət göstərən kiçik elektrik stansiyalarının Azərbaycanın nəzarətində olması səbəbindən ermənilər Sərsəng su elektrik stansiyasından asılı vəziyyətdə qalıblar. Bu isə onların ehtiyaclarını qarşılamağa kifayət etmir”.
Qubad İbadoğlunun sözlərinə görə, Suqovuşanın Azərbaycanın nəzarətində olması Dəmirli mis mədənində istehsal fəaliyyətinin dayanması ilə nəticələnib:
“Çünki mis kombinatına su təchizatı Suqovuşandan təmin olunurdu. Bundan başqa, həmin ərazidə olan kürü istehsalı üzrə ixtisaslaşmış balıq fabriki ilə də bağlı problemlər mövcuddur".
Analitik deyir ki, Ermənistanın taxıla olan tələbatının 30 faizə qədərini indiyədək Dağlıq Qarabağ ödəyib: "Ermənilər 27 sentyabradək işğal altında olan ərazilərdəki münbit torpaqlarda taxıl məhsulları becərirdilər. Ermənistanın taxıla olan illik 500-600 min tonun 150-200 min tonu Qarabağdan gətirilirdi. Hazırda taxıl əkin sahələrinin 90 faizi Azərbaycanın nəzarətindədir.
Odur ki, Ermənistan bundan sonra taxıl, enerji tələbatında yaranmış kəsirləri başqa mənbələrdən ödəmək məcburiyyətində qalacaqdır”.