22 Oktyabr 2014 19:44
716

Fazil Məmmədov iş adamlarını Azərbaycan sahibkarları ilə əməkdaşlığa dəvət edib

Şəmkirdə Azərbaycan və arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Teleqraf.com-un məlumatına görə, iclasda çıxış edən vergilər naziri, Hökumətlərarası Komissiyanın həmsədri Fazil Məmmədov Hökumətlərarası Komissiyanın fəaliyyətinin Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb.O, ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini, 2014-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,9 dəfə artaraq 25,1 milyon dollara çatdığını bildirib.

Fazil Məmmədov qeyd edib ki, bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı səfərlər, görüşlər, tədbirlər keçirilib, ikitərəfli əlaqələr genişlənib: “Xüsusilə, gənclər və idman, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlıq daha intensiv inkişaf edib. Hər iki ölkənin gənclərinin qarşılıqlı səfərləri təşkil edilib, müxtəlif sərgilər keçirilib. Litvalı ekspertlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanın turizm potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsində yaxından iştirak edib, turizm zonalarının yaradılması və idarə olunmasına dair təcrübənin öyrənilməsi ilə əlaqədar geniş təcrübə mübadiləsi aparılıb”.

Fazil Məmmədov məhz Litvanın Avropa Şurasında sədrliyi dövründə, yəni 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinə dair razılaşmanın imzalanmasının mühüm bir hadisə olduğunu qeyd edib.
Daha sonra Komissiyanın Litva tərəfdən həmsədri, Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin, digər sahələrdə də ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacib olduğunu bildirib.

Sonra komissiya gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparıb, komissiyanın üzvləri müvafiq təqdimatlarla çıxış ediblər. Tərəflər hər iki ölkənin iqtisadi vəziyyəti və ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparıblar.

İclasın sonunda Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Fazil Məmmədov və Linas Linkeviçius imzalayıb.

İclas çərçivəsində 8-ci Azərbaycan-Litva biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib.

Forumu açan vergilər naziri Fazil Məmmədov forum iştirakçılarına Azərbaycandakı investisiya mühiti barədə məlumat verib. Nazir yaradılan əlverişli biznes mühitinin iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib. Qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini deyən Fazil Məmmədov bu sahədəki mövcud potensialı nəzərə alaraq, biznes-forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius belə biznes forumların təşkil edilməsinin ənənəyə çevrilməsini vurğulayıb: “Coğrafi baxımdan ölkələrimiz arasında məsafə kifayət qədər böyük olsa da, bu, əməkdaşlığa mane olmur və yeni tərəfdaşlıq sazışlərinin əldə olunması tərəflərin qarşılıqlı investisiyalarda maraqlı olduğunun göstəricisidir. İnformasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar var. Litva-Azərbaycan Hökumətlərarası Komissiyası ikitərəfli əlaqələrin inkişafında və hökumət səviyyəsində biznes prioritetlərinin dəstəklənməsində səmərəli fəaliyyət göstərir”.

Biznes-forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təqdimatları keçirilib, iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

Naibə


Müəllif: