12 Yanvar 2021 15:23
2 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsində şəhid olmuş Arəstə Baxışovanın büstünü yaradan gənc heykəltəraş Müstəqil Babayev Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Müstəqil bəy, İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın büstünü yaratmaq ideyası necə yarandı?

- Qardaşım Aqşinlə indiyədək bir çox şəhidin heykəlini hazırlamışıq. İlk öncə Tovuz hadisələrində şəhid olmuş mayor Anar Novruzovun heykəlini birgə işlədik. Daha sonra Tovuz şəhidlərinin barelyefini düzəltdik.

Dediyiniz kimi, Arəstə Baxışova İkinci Vətən müharibəsinin ilk qadın şəhididir. Mənə görə o, Azərbaycan qadının mərdlik simvollarından biridir. Bu da bizə onun heykəlini hazırlamağa impuls verdi. Hamı Vətən qarşısında nəsə etməyə çalışır, bizim də əlimizdən bu gəlir. İstəyirik ki, şəhidlərimiz unudulmasın.

- Bu heykəlləri, barelyefləri sifarişlə, yoxsa öz təşəbbüsünüzlə hazırlayırsız?

- Az da olsa, hərdən sifarişlərimiz olur. Amma şəhid heykəlləri sifariş deyil, öz istəyimizdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

- Şəhidimizin ailəsindən, yaxınlarından sizinlə əlaqə saxlayan olubmu?

- Olmayıb. Bəlkə heç xəbərləri də yoxdu. Bilsələr bəlkə bir təsəlli olar onlara. Bu heykəlləri düzəltməkdə əsas məqsədimiz şəhidlərimizi tanıtmaq, onların xatirəsini gələcək nəsillərə öturmək, vətən uğrunda canını fəda edən oğullarımızın xatirəsini yaşatmaqdı. Şəkil elədi ki, solub, korlana bilər, heykəlsə həmişə qalır.

- Dediniz ki, büstləri qardaşınızla birgə işləyirsiz. Bu sənəti necə seçdiniz?

- Biz Masallı rayonunun Qasımlı kəndindənik. Üç qardaşıq, Aqşinlə mən bu sənəti seçmişik. Atam İlqar Balayev də heykəltəraşdır, bu sənəti ondan öyrənmişik.

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dördüncü kurs tələbəsiyəm. Qardaşım 1 il qabaq Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirib.

Atamın tələbəsi Rahib Qarayev indi akademiyada mənə dərs deyir. Rahib Qarayev heykəltəraş Zamik Rzayevlə birgə şəhid döyüşçü Albert Aqarunovun heykəlini hazırlayıblar.

- Bu büstləri harada düzəldirsiz?

- Atam yaşadığımız evdə özünə emalatxana yaradıb. Biz bu işləri həmin emalatxanada hazırlayırıq. Hazırda atam işsizdi. O, həm heykəltəraşdı, həm rəssamdı, həm də ağac üzərində heykəllər düzəldir. İndi pandemiyadı, ali məktəblərdə dərslərin keçirilmə qaydası dəyişib, amma atam rayonda bizi öyrədir. Onunla fəxr edirik...

- Hazırladığınız büstləri harada saxlayırsız?

- Qardaşımla birgə ərsəyə gətirdiyimiz şəhid mayor Anar Novruzovun heykəli Masallı rayonunun Ərkivan qəsəbəsində qoyulub. Bundan sonra Tovuz şəhidlərinin 12-sinin barelyefini hazırladıq. Səkkizguşəli ulduz formasında dizayn etdiyimiz bu barelyefi evdə saxlayırıq. Onu korreksiya materialına çevirmişik, üzərinə qızılı rəng çəkmişik.

Bundan sonra Oğuz rayonunun 5 şəhidinin büstünü hazırlamışıq ki, bu işimiz də onların qəbirləri üzərinə qoyulub. Şəhidləri ayırmırıq, bizim üçün onların hamısı birdi.

Hazırda qardaşım başqa bir kompozisiyanın üzərində işləyir ki, o da evdədi. Bundan əlavə, qələbəyə uyğun xəritə kompozisiyası üzərində də işləyirik. Bu işimiz hələ tamamlanmayıb, yəqin 10 günə tam hazır olar.

- Gördüyünz işlərə rayon icra hakimiyyəti, yaxud digər dövlət qurumları tərəfindən maraq varmı?

- Hələ heç bir reaksiya yoxdu. Biz işimizi görürük, qismət olarsa, baxarlar. Amma indiyədək nə bir təklif, nə də tələb eşitmişik. Az hallarda sifarişlərimiz olur, biz də onu düzəldirik.

- Şəhidlərin büstlərini təmənnasız hazırlayırsız?

- Doğrusunu desək, hamısı təmənnasız olmur. Bəzən hansısa şəhidin büstünü hazırlamaq üçün sifariş alırıq. Amma öz təşəbbüsümüzlə hazırladığımız şəhid büstlərinin əksəriyyətini təmənnasız düzəltmişik. Arəstə Baxışovanın büstü də öz təşəbbüsümüzdü Ailəsi görsə, onların istəklərinə uyğun büstün haradasa qoyulmasını arzulayardıq.

- Növbəti kimin büstünü yaratmağı düşünürsüz?

- Bir ideyamız var. Eyni gündə şəhid olan qardaşlar İman və Bəhrəm Məmmədovların heykəllərini hazırlamaq istəyirik.

- Tək şəhid büstündən söhbət getmir, ümumilikdə yaratdığınız büstlərə tələb varmı?

- Çox az tələb olur. Hesablasaq ildə bir və ya iki sifariş alırıq, ya yox. Düzəltdiyimiz büstlərin satışını da təşkil edə bilmirik. “İnstaqram” səhifəsində paylaşdığım əl işlərimlə yazıb maraqlananlar olur. Amma indiki vəziyyətdə satmaq çətin məsələdi.

Demək olmaz ki, bu sahəyə maraq yoxdu. Bəlkə bunun üçün tanınmaq lazımdı... Qardaşımla gecə-gündüz çalışırıq ki, atamın sənətini davam etdirək, yaşadaq, nəsə edək. Biz bu sənəti sevirik.

- İndiyədək yaratdığınız hansı heykəldən məmnun qalmısız?

- Çalışırıq bütün işlərimiz gözəl alınsın. Demək olar ki, yaratdığımız işlərin əksəriyyətindən məmnun qalmışıq. İstəyirik ən son işimiz əvvəlkindən daha yaxşı olsun.

- Bir heykələ minimum nə qədər vaxt və vəsait tələb olunur?

- Bu meyarlar heykəlin ölçüsünə görə dəyişilir. Məsələn, natural daş ölçüsü 22 santimetr, ümumi hündürlük isə 65-70 santimetr olur. Bu heykəlin hazırlanması üçün 20 gün vaxt tələb olunur. Nisbətən böyük ölçülü heykəllərin hazırlanmasına 1 ay, ay yarım vaxt sərf edirik. Bu heykəlləri hazırlamaq üçün istifadə olunan materiallarla işləmək özü də bir zəhmət tələb edir.

Eyni ölçüdə heykəllərin hazırlanmasında qiymət materiala görə dəyişir. Burada gips, pollestr, rəng və əlavə materiallar sərf olunur. Ölçü və istifadə olunan materiallarından asılı olaraq qiymətlər 1000 manatdan 1600 manata, bəzən bir qədər yuxarı dəyişilə bilir. Hətta bəzi materialları xaricdən alırıq...


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər