Yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradılıb.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Teleqraf.com-a müsahibəsində media sahəsində islahatlarla bağlı sualları cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Aydın müəllim, artıq media sahəsində islahatlara start verildi. KİVDF ləğv olundu, əvəzində Medianın İnkişafı Agentliyi yaradıldı. Sizcə, bu, hansı zərurətdən ortaya çıxdı?
- Bu, həm gözlənilən idi, həm zərurət idi, həm də bütün dünyada, o cümlədə Azərbaycanda medianın inkişaf tələbləri və çağırışları baxımından gərəkli idi. Azərbaycanda Medianın İnkişafı Agentliyinin yaradılması media islahatları sahəsində dövlətin siyasətinin ardıcıllıq, ənənələrə hörmət və məqsədyönlü xarakter daşıdığını bir daha nümayiş etdirdi. Media islahatları sahəsində atılan addımlar bir-birini inkar etmir. Əvvəlki dövrlərdə olan nailiyyətləri əsas baza olaraq saxlamaq şərtilə onun üzərində yeni-yeni inkişaf təmayüllərinin müəyyənləşdirməsinə xidmət edir.
Bu fərmanda həm ölkədə, həm də beynəlxalq miqyasda baş verən hadisələrlə bağlı obyektiv rəyin yaradılması və Azərbaycan həqiqətlərinin müdafiəsi sayəsində ölkə jurnalistikasının, media orqanlarının əməyinin yüksək qiymətləndirilməsi bizim üçün çox dəyərli faktdır. Bu, Azərbaycan Prezidentinin medianın inkişafına azalmayan və yüksələn xətlə gedən diqqət və qayğısını bir daha nümayiş etdirir.
Agentliyin yaradılması media islahatlarının yeni mərhələsidir. Bu, bütövlükdə ölkədə aparılan və son iki ildə intensiv xarakter almış hərtərəfli islahatlar prosesinin tərkib hissəsidir. Media sahəsindəki bu islahatlar ölkəmizdə daha güclü media sistemi yaratmaq məqsədinə xidmət edir. Bu da öz növbəsində Azərbaycanın əsas strateji hədəfi olan güclü dövlət konsepsiyasının tərkib hissədir.
Təcrübə göstərir ki, güclü media olmayan yerdə güclü dövlət də ola bilməz. Media o halda güclü mediaya çevrilir ki, ona dövlətin hərtərəfli dəstəyi olsun. Prezidentin sonuncu islahat addımı bir daha sübut etdi ki, bizim mediamızın böyük gələcəyi var. Mediamıza dövlət dəstəyi tam zəruri və özünü doğruldan bir mexanizm olduğuna görə bu, davam etdiriləcək.
Xüsusilə həm onlayın, həm də çap mediasının dövlət tərəfindən vahid mexanizm altında tənzimlənməsi və maliyyələşdirilməsi olduqca böyük əhəmiyyətə malikdir. Bu, ölkəmizin bütün media qurumlarının vahid bir media məkanı formasında təşəkkül tapmasına öz müsbət təsirini göstərəcək.
Ayrı-ayrı media seqmentləri arasında indiyədək müşahidə olunan, xoşagəlməyən rəqabət və mübarizə hallarına son qoyulacaq.
Sözsüz ki, agentliyin qəzeti, qəzetin televiziyanı, televiziyanın da müxtəlif internet media resurslarını qəbul etməməsi və sair kimi halların olması normal hal deyil. Ancaq bu fərmandan sonra həyat keçirilən media islahatları ölkədə bir-birini tamamlayan, dövlətçilik və peşəkarlıq prinsipi üzərində birləşən vahid media məkanının formalaşmasına öz müsbət təsirini göstərəcək.
- Sizcə, əlavə hansı qərarlar verilməlidir?
- Agentliyin yaradılması ilə bağlı əsasnamədə gələcəyə yönəlik çox maraqlı fəaliyyət istiqamətləri var. Xüsusilə jurnalistlərin peşəkarlığının artırılamsı, yeni kadrların yetişdirilməsi, jurnalistlərin sosial vəziyyətinin daha da gücləndirilməsi, media orqanlarının iqtisadi müstəqilliyinin artırılması, onlayın mediada peşə etikasına və qanun normalarına zidd təmayüllərin nəzarətə götürülməsi, media etikasının daha da inkişaf etdirilməsi, ölkənin beynəlxalq media məkanı ilə əməkdaşlığının tənzimlənməsi və idarə edilməsi kimi istiqamətlər çox əhəmiyyətlidir və diqqətimizi cəlb edir. Bu istiqamətlərdə həyata keçiriləcək tədbirlər bütün media üçün öz müsbət effektini verəcək.
Bu gün bütün medianın maliyyələşməsində şəffaflığın təmin olması və jurnalist peşəkarlığı baxımından məsuliyyət hissinin daha da artırılmasına böyük ehtiyac var. Yəqin ki, yeni yaradılan agentlik bunun öhdəsindən gələcək.
- Ümumilikdə yeni qurum medianın inkişafında, dirçəlməsində və çoхsaylı problemlərin həllində nə kimi rol oynaya bilər?
- Deyərdim ki, artıq öz rolunu oynayıb. KİVDF-yə təyin olunan yeni icraçı direktor son 1 ildə bu sahənin problemləri ilə yaxından tanış olduğunu və yetərli təsəvvürə malik olduğunu nümayiş etdirib. Gözləyirik ki, agentlik Prezidentin sərəncamı ilə ortaya qoyulmuş vəzifələrin yerinə yetirilməsində öz funksiyalarını çox yaradıcı və səmərəli şəkildə həyata keçirsin. Çünki artıq əldə təcrübə var.
Başda icraçı direktor olmaq şərtilə artıq agentliyə rəhbərlik edən heyət media industrasiyasının indiki vəziyyəti ilə ən azı bir illik tanışlıq təcrübəsinə malikdir. Ortada olan nəticələr, xüsusilə də agentliyin əsasnaməsinin məzmunu və istiqamətləri göstərir ki, agentliyin rəhbərliyi doğru yoldadır. Hesab edirəm ki, ortaya böyük nəticələr qoyulacaq.
- Sizcə, Medianın İnkişafı Agentliyi KİVDF-dən nə ilə fərqlənəcək?
- Hər bir qurumun öz dövrü var. KİVDF-nin dövrü artıq bitdi. KİVDF-nin bazası əsasında yaradılan agentlik tamamilə yeni və müasir media çağırışları altındadır. KİVDF-nin bazası üzərində yeni bir agentliyin yaradılması əslində, mediamızın yeni dövrdə yeni trendlərin, yeni çağırışların və meyllərin içində olduğuna verilən bir cavabdır.
Prezidentin media siyasətində ənənə və sistemlilik prinsipi xüsusilə əhəmiyyətli bir hal kimi qiymətləndirilməlidir. Çünki agentliyin yaradılması göstərdi ki, Prezidentin media siyasəti və islahatları bir-birini tamamlayan addımlardan ibarətdir. Bu addımlar biri digərinin ziddinə deyil. Əksinə, atılan addımların hər biri sistemin özünün tələbatına və məntiqinə uyğun yaradıldığına görə hər bir islahat addımı öz zamanında müsbət rolunu oynayandan sonra onun bazası üzərində yeni bir mərhələnin başlanmasına ehtiyac yaranır.
Prezidentin fərmanında Azərbaycan həqiqətlərinin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasında mediamızın əməyinin müsbət və yetərli qiymətləndirilməsi olduqca əhəmiyyətli məqamdır. Bu göstərir ki, Prezident ölkə mediasının və jurnalistlərinin Azərbaycan həqiqətlərinin təbliği sahəsindəki fəaliyyətlərini diqqətlə izləyir və buna laqeyd deyil.
Əsas məsələ odur ki, Prezidentin həyata keçirdiyi media islahatları məntiqli formada bir-birinin inkişafına şərait yaradır. KİVDF-nin yeni forması olan Medianın İnkişafı Agentliyi Fonddan fərqli olaraq yeni və daha zəruri media çağırışlarının qarşısındadır. Əminəm ki, agentlik həmin çağırışları yüksək səviyyədə yerinə yetirəcək.