19 Yanvar 2021 14:35
1 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İşğaldan azad olmuş əraziyə dönəcək köçkün əhalinin məcburi köçkün statusundan irəli gələn güzəştlər bir müddət saxlanılmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu təkliflə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Ağasəlim Həsənov çıxış edib.

O, işğaldan azad edilmiş ərazilərə əhalinin geri dönüşünü stimullaşdıran və Qarabağın dirçəldilməsinə dair bəzi təkliflər də irəli sürüb:

“Qarabağa dönüşdən imtina edən məcburi köçkün şəxslərin köçkünlük statusundan irəli gələn güzəştlər ləğv edilməlidir. Məcburi köçkünlərin geri dönüşünə mane olan səbəblərin dəqiq müəyyənləşdirilməsi və ona müvafiq fəaliyyət planı hazırlanmalıdır.

Bundan əlavə, məcburi köçkün əhali ilə sosial iş aparılmalıdır. Başqa sözlə, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə dönüşünün əhəmiyyəti və bu dönüşün təhlükəsizlik, mənəvi-psixoloji, iqtisadi aspektlərinə dair təbliğat işlərinin aparılmasına ehtiyac var”.

Sosioloq hesab edir ki, Qarabağa dönəcək əhali yalnız məcburi köçkünlərlə məhdudlaşdırılmamalıdır: “Qarabağa dönəcək əhaliyə məcburi köçkünlük statusundan irəli gələn güzəştlər istisna olmaqla, yardılacaq digər imkanların bölgədə məskunlaşmaq istəyən hər bir Azərbaycan vətəndaşına da şamil edilməlidir.

İşğaldan azad olunmuş ərazilərə geri dönən əhalinin mənzil ehtiyacları qarşılanmalıdır. İş yerləri açılmalı və məşğulluq təmin edilməlidir.

O cümlədən geri dönən əhali arasında sahibkarlıq fəaliyyətinin stimillaşdırılması məqsədi ilə güzəştli kreditləri verilməli və həmin sahibkarlar müəyyən müddət vergidən azad edilməlidir.

Məskunlaşmanın effektliyini artırmaq məqsədi ilə həmin ərazilərədə dövlət işlərində çalışanlara əməkhaqqından əlavə yardımlar edilməlidir”.

Ağasəlim Həsənov qeyd edib ki, əhaliyə kompleks xidmət üçün nəzərdə tutulan ictimai iaşə və xidmət obyektləri də bərpa olunmalıdır: “İlk öncə universitet və kolleclər, daha sonra teatr, mədəniyyət klubları, eləcə də idman-sağlamlıq və turizm mərkəzləri açılmalıdır. Əhalinin məskunlaşma coğrafiyasına uyğun olaraq ictimai-iaşə obyektləri tikilməlidir. Eyni zamanda məskunlaşmaya uyğun olaraq Məscidlərin tikilməsi və ya bərpası işləri görülməlidir”.

Müsahibimiz deyir ki, işğaldan azad edilmiş hər bir rayonun potensialına uyğun kənd təsərrüfatı sahələri inkişaf etdirilməlidir: “Məcburi köçkün statusu daşıyan və Qarabağda yaşamaq istəyən digər şəxslərin məşğulluğunu təmin etmək məqsədi ilə işğaldan azad edilmiş ərazilərdə kiçik sahibkarlıq, fermer təsərrüfatı kimi fəaliyyətlərin dövlət tərəfindən dəstəklənməsi məqsədəuyğundur.

İşğaldan azad edilmiş hər bir rayonun potensialına uyğun kənd təsərrüfatı sahələri inkişaf etdirilməlidir. Məsələn, Laçın-Kəlbəcərdə heyvandarlıq, Füzuli-Cəbrayılda taxılçılıq, üçümçülük, Kəlbəcər və Laçın rayonlarında keyfiyyətli İstisu mineral suyunun olduğunu nəzərə alsaq, ərazidə müalicəvi sanatoriyaların tikilməsi və ya bərpası mütləqdir.

Bundan əlavə, Laçın rayonu ərazisində dünyada nadir Qırmızı Palıd, Zəngilan rayonu ərazisində isə məşhur Çinar meşələrinin hazırkı durumunu əks etdirən “Açıq təbiət muzeyi” yaradılmalıdır.

Hesab edirəm ki, işğaldan azad edilmiş hər bir rayonun ərazisində quruculuq-bərpa işləri aparılan zamanı erməni vandalizminin əks etdirən kiçik bir ərazi saxlanılmalı və ora “Açıq muzey”ə çevrilməlidir.

Gələcəkdə Xocalı şəhərində “Xocalı Soyqırım Abidəsi” də qoyulmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər