23 Oktyabr 2014 14:50
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nümayiş olunan mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri

Dünən “Bakı Ekspo” mərkəzində Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - XX Yubiley Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild-2014) sərgisi öz işinə başlayıb. Tədbir çərçivəsində 7-ci Xəzər Beynəlxalq “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” (“CIPS Caspian 2014") sərgisi də fəaliyyət göstərir. Bu tədbir regionda təhlükəsizlik üzrə ixtisaslaşdırılmış yeganə sərgidir. ”CIPS Caspian 2014" sərgisində Azərbaycan, Avstriya, İtaliya, Çin, Rusiya, Türkiyə, Çexiya, İsveç və digər ölkələrin istehsalçı şirkətlərinin işləyib hazırladıqları məhsullar nümayiş etdiriləcək.

20 illik uğur

Sərginin açılışı üçün ilk söz Fövqəladə Hallar Nazirliyinin Tikinti Təhlükəsizliyinə nəzarət Dövlət Agentliyinin rəisi Elxan Həsənova verilib. O bildirib ki, Azərbaycanda bu cür sərgilərinin keçirilməsinin böyük əhəmiyyəti var: “Beynəlxalq inşaat sərgisinin 20-ci tədbirinin açılması təşkilatçılar, iştirakçılar, o cümlədən təmsil etdiyim nazirliyin Tikinti Təhlükəsizliyinə nəzarət idarəsinin əməkdaşları üçün xüsusi önəm daşıyır. 20 il, əslində, tarix üçün çox böyük bir müddət olmasa da, tikinti sferasında Azərbaycanın müstəqillik tarixində mühüm bir dövrü əhatə edir. Bu sərginin ilk gündən indiyədək hazırlanmasına, həyata keçirilməsinə yardım göstərməyə çalışmışıq. Ona görə bu sərginin keçirilməsi bizim üçün də xoşdur”.

Möhtəşəm sərgi

Daha sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib ki, bu dəfəki sərgi çox möhtəşəmdir: “Mən burada bir paralelik gördüm. Bu da Azərbaycandakı inşaat, tikinti-şəhərsalma və quruculuqla bir tərəziyə qoyula bilən məlumatlardır. Bütün bu inkişaf inşaatçıların, layihəçilərin zəhməti hesabına ərsəyə gəlir. Amma bütün bu proseslərin iştirakçısı Azərbaycan dövlətidir. Mən belə quruculuğun inkişafı üçün Azərbaycan prezidentinə təşəkkür edirəm. Sözün həqiqi mənasında, budəfəki sərgi çox möhtəşəmdir. Hətta sərgiyə daxil olanda öz heyranlığını gizlədə bilmirsən”.

35 ölkədən 3200-dən çox şirkət

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillon və Birləşmiş Ərəb Əmirliyinin “Dubay Ekspo” şirkətinin icraçı direktoru Sami Əl Haşimi də iştirak edib. Qonaqlar çıxış zamanı bildiriblər ki, hər dəfə bu sərginin genişləndirilməsi onları olduqca təəcübləndirir: “Sərgidə 80 şirkət təmsil olunur. Azərbaycandakı tərəfdaşlarmıza illər ərzində birlikdə işlədiyimiz üçün təşəkkür edirik”.

Sərgi zamanı məlumat verilib ki, iyirmi il ərzində 35 ölkədən 3200-dən çox şirkəti və yüz mindən artıq ziyarətçini qəbul edən “BakuBuild” sərgisi müqavilələrin imzalandığı və tikinti xidmətləri bazarı üzrə təmayüllərin formalaşdığı səmərəli işgüzar meydança statusunu qazanıb.

“CIPS Caspian” sərgisində təhlükəsizliyin təminatı üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə sistemləri, qəza-xilasetmə texnikası, informasiya mühafizəsi üzrə vasitələr, ID-texnologiyalar, turniketlər və bir çox digər məhsullar nümayiş etdiriləcək.

“Yanğın təhlükəsizliyinin təmin olunması sistemləri” sektorunda mütəxəssislərə tanınmış yanğın təhlükəsizliyi sistemləri, yanğın və mühafizə siqnalizasiyası, duman zamanı vizual görüntü üçün termal kameralar, qoruyucu eynəklər və bir sıra digər məhsullar təklif edilir.

Yeddi milli qrupun iştirakı

Sərgidə bu il ilk dəfə olaraq beynəlxalq standartlara uyğun kassa və anbar sistemləri; nağd pul əməliyyatları və hesablama şöbələrində əməliyyatların təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun individual yanaşma sistemləri və nağd pul vəsaitlərinin daşınması üzrə özünü məhvetmə funksiyası olan konteynerlər nümayiş etdiriləcək.

Sərgidə iştirak edən dünyanın 29 ölkəsindən 490 şirkət “Bakı Ekspo” Mərkəzinin bütün pavilyonlarını, o cümlədən kompleksin foyesi və açıq meydançasını da əhatə etməklə, ekspozisiyalarını genişləndirib.
Həmin ölkələrin ticarət sənaye palatalarının dəstəyi ilə böyük milli qruplara daxil olan şirkətlərin iştirakı “BakuBuild” sərgisinin vizit kartıdır. Belə ki, bu il sərgiyə Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ və Portuqaliyanın yeddi milli qrupu qatılır. Onu da qeyd edək ki, Macarıstan milli qrupu sərgidə ilk dəfə çıxış edəcək. İtaliya (74 şirkət), Almaniya (21 şirkət) və BƏƏ-dən (19 şirkət) gələn sahibkarlar qrupu isə builki tədbirdə çoxluq təşkil edir.

“İTECA Caspian” şirkəti tərəfindən təşkil olunan sərgi oktyabrın 25-dək davam edəcək.


Müəllif:

Oxşar xəbərlər