“CoronoVAC” vaksini bir neçə ölkədə klinik sınaqlardan keçirilib, effektivliyi yüksək olub və mənfi təsirləri aşkar edilməyib.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bir ildən çoxdur dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə mütəxəssislər ciddi nailiyyət əldə edərək, qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya biliblər: “Yoluxucu xəstəliklərlə mübarizədə vaksinasiyanın böyük əhəmiyyəti var. Dövlətimizin səyi nəticəsində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini alınıb və Azərbaycan vətəndaşlarını vaksinasiya edən ilk ölkələr sırasındadır.
Qeyd edilən vaksin ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. “CoronoVAC” vaksini bir neçə ölkədə klinik sınaqlardan keçirilib, effektivliyi yüksək olub və mənfi təsirləri aşkar edilməyib. Vaksinin ölkəmizə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub”.
Akademik qeyd edib ki, bir həftədən çoxdur ölkəmizdə əhalinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb: “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Qeyd edilən strategiyanın əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq, nəticədə həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Bu vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib, tədqiqatlar aparılıb. Onun mənfi təsiri olmayıb. Əhalinin bəzi təbəqələri artıq bu prosesə cəlb olunub. Göründüyü kimi, heç bir yan təsir müşahidə olunmur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.