Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinar keçirilir.
Teleqraf.com xəbər verir ki, vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və SETA baş koordinatoru, Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Burhanəddin Duranın açılış nitqləri ilə çıxış etməsi nəzərdə tutulub.
Tədbirə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev moderatorluq edir.
Açılış nitqlərindən sonra SETA xarici siyasət direktoru, Ankara Sosial Elmlər Universitetinin müəllimi prof. dr. Muhiddin Atamanın “Qlobal və regional güc balansı çərçivəsində Azərbaycan-Türkiyə münasibətləri”, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının “Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri”, SETA Təhlükəsizlik Koordinatorluğu, Uludağ Universitetinin müəllimi prof. dr. Fərhad Pirinççinin “Azərbaycan-Türkiyə münasibətlərinin siyasi və təhlükəsizlik aspektləri”, Orta Şərq Texniki Universitetinin (OTDÜ) müəllimi, prof. dr. Oktay Tanrısevərin “Azərbaycan-Türkiyə münasibətləri və regional geoiqtisadi balans”, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri dr. Cavid Vəliyevin “Azərbaycan-Türkiyə münasibətləri Türk Şurası və üçtərəfli formatlar çərçivəsində” mövzusunda məruzləri dinləniləcək.