29 Yanvar 2021 11:56
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərini azad etməsi müharibənin taleyini həll etdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Nəticədə bölgədə yeni tarixi reallıqlar formalaşdı. Ərazi bütövlüyümüz bərpa edildi. Beynəlxalq hüququn uzun müddət ərzində Ermənistan tərəfindən məhəl qoyulmayan prinsipləri işlək vəziyyətə gətirildi. Artıq işğaldan azad olunmuş Şuşa şəhərinin - bütün torpağlarımızın bərpası və yenidən qurulması mərhələsi başlanıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, bu prosesdə təkcə hərbi deyil, mülki idarəetmə məsələləri də ön plana çıxıb:

“Dövlət başçısı işğaldan azad olunan ərazilərdə Prezidentin xüsusi nümayəndəsi ilə bağlı Sərəncam imzalayıb. İlk olaraq məhz Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinə Prezidentin xüsusi nümayəndəsinin təyin olunması təsadüfi deyil. Bu, ölkəmizdə həyata keçirilən geniş və hərtərəfli islahatlar kursunun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Prezidentin Şuşaya xüsusi nümayəndə təyin etməsi ilə bağlı qəbul zamanı səsləndirdiyi fikirlər, tövsiyələr xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. Dövlətimizn qarşısında növbəti strateji vəzifələri müəyyənləşdirir. Bu vəzifələr ilk növbədə işğaldan azad olunmuş bütün torpaqlarımızın, xüsusilə də Qafqazın incisi Şuşa şəhərinin bərpası, yenidən qurulması və dirçəldilməsi məsələlərini özündə ehtiva edir. “O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik!” - fikrini irəli sürməklə dövlətimizin başçısı tarixi missiyanın “yol xəritəsi”ni də göstərib”.

Deputat bildirib ki, proses ilk növbədə Şuşanın tarixi, mədəni və dini irsinin bərpası, infrastrukturunun yenidən qurulması ilə bağlıdır:

“Şuşada konsertlər və sərgilər, bu il ərzində Vaqif poeziya günləri, Xarı bülbül festivalı təşkil ediləcək. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimat mərasimləri keçiriləcək. Azərbaycan və beynəlxalq ictimaiyyət bərpa işlərinın gedişi ilə bağlı məlumatlandırılacaq. Prosesin beynəlxalq vektoru və uğurlu nəticələri təkcə mədəni deyil, həm də böyük siyasi əhəmiyyət kəsb edir”.

Elman Nəsirov ICESCO-nun Şuşanı İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı təklifinin olduğunu qeyd edib:

“Bu çox məmnun edən bir addımdır. Bu günə qədər Azərbaycanın iki şəhəri bu şərəfli ada layiq görülüb. Bakı və Naxçıvan şəhərindən sonra Şuşanın da belə bir statusa layiq görülməsi əhəmiyyətli hadisədir. Türk Şurasının da anoloji addım atmaq niyyəti bəllidir. Bu yaxınlarda Türk Şurasının nümayəndə heyəti ilə görüş əsnasında təklif irəli sürülüb ki, Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçilsin".

Millət vəkili əlavə edib ki, tarixi Şuşa şəhərinə türk, müsəlman dünyasında böyük maraq və məhəbbət var:

“Şuşa öz əzəli siması və ruhunu qoruyaraq, dünyanın ən gözəl şəhərləri arasında layiqli yer tutacaq. Böyük bir müsəlman arealının mədəniyət paytaxtı statusunu şərəflə daşıyacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər