“Növbəti tədris ilində qiymətləndirmə ilə bağlı hansısa bir dəyişikliklərə getmək olar deyə düşünürəm".
Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda 4 min 400 məktəb var:
“Həmin məktəblərdə dezinfeksiya işlərinin aparılması və sanitariya qaydalarına əməl olunması ilə bağlı göstəriş vermişik. Zaman-zaman biz həmin məktəbləri yoxlayırıq. Sentyabrda məktəblər açıq olan zaman bir neçə yüz məktəb yoxlanıldı. Təəssüf ki, onlarla məktəb direktoru barədə bu qaydalara əməl etmədiklərinə görə onlar barəsində tədbir görülüb”.
Nazir bildirib ki, Azərbaycanda diplom məsələsi kifayət qədər həssasdır:
"Diplomlarla bağlı həmişə xeyli problemlər olub. Biz hazırda da müəyyən mənada bu problemləri yaşayırıq. Bəzi insanlar xaricdə qanuni yolla təhsil alsa da, təəssüf ki, bəziləri qanunları pozur. Amma biz çalışırıq ki, bu məsələlərə vaxtında baxaq".
“Ali təhsil alan İkinci Qarabağ müharibəsi iştirakçılarının təhsil haqlarına güzəştlərin edilməsi məsələsi tək Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil. Bu istiqamətdə artıq bir neçə addımlar atılıb. “YAŞAT” Fondu yaradılıb. Ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıqlar verilib ki, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı xüsusi yanaşmaları olsun. Ancaq hazırda biz də müəyyən qərar layihələrini hazırlamışıq. Müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə hansısa bir irəliyə doğru addım atılacaq.
Məndə məlumat var ki, bu günə qədər Vətən müharibəsində şəhid olmuş şəxslərin ali təhsil müəssisələrində 35 nəfər yaxın qohumlarının – bacı-qardaş və həyat yoldaşlarının təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri müsbət həll olunub", - deyə Emin Əmrullayev əlavə edib.