Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması 10 noyabr razılaşmasının işlək vəziyyətdə olduğunu göstərir. Bu razılaşmanın bəndləri üzrə prinsiplər icra edilir. Ermənistanda bununla bağlı müəyyən fikirlər, eyforiyalar yaranmışdı. Monitorinq Mərkəzinin açılmasının guya yubadılması ilə bağlı uydurma fikirlər yayılırdı. İddia edirdilər ki, guya Rusiya Türk hərbi qüvvələrinin bölgəyə gəlişinə icazə vermir və s.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, mərkəzin fəaliyyətə başlaması Ermənistan tərəfindən böyük ruh düşkünlüyünə səbəb olub:
“Ermənilər gördü ki, ruslarla yanaşı, Türk hərbçilərlə də burada sülhün qorunmasında iştirak edəcək. 102 ildən sonra ilk dəfədir ki, Türk Silahlı Qüvvələri Azərbaycandadır. Türk əsgəri Azərbaycanda təhlükəsizlik məsələlərinə baxır və monitorinq aparır. Bu, tarixi bir nailiyyətdir. Kimlər ki Rusiya-Türkiyə arasında soyuqluq yaradıb, iki dövləti üz-üzə qoymağa çalışırdı onların heç bir niyyəti baş tutmadı. Hər iki dövlət böyük gücə malikdir. Onların bu regionda maraqları var. Onların bu maraqları Azərbaycanda sülhməramlı missiyanın yerinə yetirilməsində də üst-üstə düşür. Eyni zamanda bu prosesdən bütün tərəflər qazanacaq. Ermənistan da revanşist düşüncələri kənara qoyub, məsələyə soyuq başla yanaşsa, çox xeyir götürəcək. 10 noyabr sənədi işlək vəziyyətdədir. 11 yanvar razılaşması reallaşır. Ermənistan düşmüş olduğu blokadadan çıxır. Onun üçün iqtisadi perspektivlər açılır. Nəticədə erməni xalqının acınacaqlı durumu üçün çıxış yolları tapılır”.
Elman Nəsirov qeyd edib ki, Türk hərbçilərinin gəlişi, monitorinq aparma prosesində iştirakı ilk növbədə münaqişənin siyasi həll yollarının uğurla tamamlanması üçün əhəmiyyətlidir:
"Ankara-Moskva münasibətlərində gərginlik yaratmaq niyyətində olanların heç bir nəticə əldə etmək imkanları yoxdur. Bu iki dövlət müəyyən məsələlərdə fikir ayrılığına malik olsalar da, sülh missiyasının həyata keçirilməsində ortaq mövqedən çıxş edirlər. Digər məsələlərdə də iki dövlətin ortaq mövqeyə malik olduğu məlumdur”.