Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini ratifikasiya edib.
Teleqraf.com xəbər verir ki, layihəni deputatları Milli Məclisin Beynəlaxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib.
Bundan öncə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsini tarixi hadisə adlandıran Səməd Seyidov bildirib ki, bir neçə gün əvvəl parlamentin sədri Sahibə Qafarovanın səyləri hesabına AŞPA sessiyasında real şəkildə iştirak ediblər: “20 il əvvəl bayrağımız Avropa Şurası qarşısında dalğalanırdı. İndisə Avropanı xəstəlik bürüdüyü dövrdə Strasburqa getdik. Həm də torpaqlarımızı işğaldan azad edən bir ölkə kimi getdik. Orada birinci görüşümüz türk nümayəndə heyəti ilə oldu. Məsləhələşmə, fikir mübadiləsi apardıq. Türkiyə bizim qardaş ölkəmizdir. İnsanlar bir-birinə nə qədər yaxın olsa, əlaqələrimiz bir o qədər inkişaf edər”.
S.Seyidov əlavə edib ki, Türkiyə ilə vizasız əlaqələrinə keçdikdən sonra indi nə viza, nə də pasport var: “Şəxsiyyət vəsiqəsi ilə iki ölkə vətəndaşları 90 gün ərzində bir-birinə səyahət edə bilər. Artıq sərhədlər açıldı, heç bir maneə yoxdur. İki ölkə prezidenti bu siyasəti aparır. İndi təqdim edilən məsələ xüsusi əhəmiyyət kəsb edir. Siyasi, iqtisadi, hərbi, mədəni, media sahəsində əməkdaşlıq çox yaxındır. İndisə insani əlaqələr ən yüksək səviyyədə keçir. Belə bir sazişin qəbul edilməsi hər bir Azərbaycan və Türkiyə vətəndaşı üçün əhəmiyyət kəsb edir. Layihəni dəstəkləməyinizi xahiş edirəm”.
Məsələ səsə qoyularaq qəbul edilib.