2020-ci ilin avqustunda Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyi peşə təhsili və təlimi sisteminin keyfiyyətinin artırılması və bu təhsil pilləsinin gənclər arasında nüfuzunun yaxşılaşdırılması məqsədilə 11.4 milyon manat dəyərində yeni layihəyə başlayıb.
Teleqraf.com xəbər verir ki, dörd illik layihənin ilkin regional fəaliyyəti olaraq, cari vəziyyəti təhlil etmək, eləcə də mövcud çətinlikləri və imkanları araşdırmaq üçün Şəki və Gəncədə yerləşən bir sıra peşə təhsili müəssisələrinə səfər edilib.
Görüşlərdə, regionlardakı peşə təhsili müəssisələrində yeni emalatxanaların, karyera mərkəzlərinin və tədris fabriklərinin yaradılması, həmçinin ikili dərəcə proqramları və rəqəmsal innovasiyaların tətbiqi məsələləri müzakirə edilib.
Səfərin təşkil edildiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində BMTİP tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştə əsaslı tədrisin icrasına dəstək olmaqdır.