Azərbaycan dövlətinin başlıca vəzifələrindən biri vətəndaşların sağlamlığı və təhlükəsizliyidir. Hər bir vətəndaşın sağlam və təhlükəsiz şəraitdə yaşaması üçün dövlətin mühüm proqramları olur. Pandemiya və ondan öncəki dönəmlərdə də insanların sağlamlığını təmin etmək üçün səhiyyə sistemində ciddi islahatlar həyata keçirilib.
Bunu Teleqraf.com-a Milli Məclisin səhiyyə komitəsinin üsvü İlham Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanda son 17 ildə müasir səhiyyə infrastrukturu yaradılıb: “Ölkəmizdə keyfiyyətli tibb xidmətinin təşkili pandemiya ilə mübarizədə mühüm rol oynayıb. Müasir səhiyyə sistemi epidemiyaya qarşı mübarizədə effektiv nəticənin əldə edilməsində mühüm amildir. Azərbaycan pandemiya ilə mübarizə sahəsində effektiv siyasət həyata keçirir. Koronavirusla mübarizədə “Azərbaycan modeli” artıq öz müsbət xarakterinə görə seçilir.
Beynəlxalq təşkilatlar, ekspertlər Azərbaycanda pandemiya ilə mübarizə sahəsində həyata keçirilən siyasəti diqqətlə izləyir. Paralel olaraq ölkəmiz məsələ ilə bağlı beynəlxalq miqyasda da fəaliyyət göstərir”.
Komitə üzvünə görə, Azərbaycanın irəli sürdüyü təşəbbüslər dövlətlər tərəfindən pandemiya ilə aparılan mübarizənin effektivliyi kontekstində yüksək qiymətləndirilib: “Dünyada aparılan rəy sorğularında Azərbaycanın bu istiqamətdəki fəaliyyəti öncül yer tutub”.
İlham Məmmədov bildirib ki, Azərbaycanın dünyanın azsaylı aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiyaya başlayıb: “Bu addım dövlətimizin gücü, nüfuzu və vətəndaşlara diqqət və qayğısı kontekstindən irəli gəlir. Vaksinasiya məsələsi hazırda dünyada həssas bir məsələ kimi gündəmdədir. Vaksinlərin qeyri-ədalətli bölünməsi faktları mövcuddur. Aparıcı ölkələr bu prosesdən maksimum faydalanmağa çalışır.
Əksər ölkələrin vaksinasiyadan kənarda qalması buna misaldır. Amma Azərbaycan azsaylı ölkələrdəndir ki, vaksinasiyada da ilk addım atmağa nail olub. Artıq ölkəmizdə bu proses başlayıb. Ən təhlükəsiz və effektiv vaksin ölkəmizə gətirilib. İnsanların pandemiyadan qorunması üçün dövlətimizin atmış olduğu bütün addımlar insanların sağlamlığına xidmət edir”.