4 Fevral 2021 09:14
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yoluxma sayında müşahidə olunan azalmalar Azərbaycanın koronavirusla mübarizə tədbirləri çərçivəsində atdığı addımların effektiv həyata keçirilməsinin bir nümunəsidir. Hazırda yoluxma sayındakı azalmalar və xəstəxana çarpayılarında doluluq faizinin kifayət qədər aşağı olması onu göstərir ki, aparılan sərt karantin tədbirləri öz effektini verib”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, yoluxma sayındakı azalmalar və karantin rejiminin yumuşaldılması cəmiyyətdə arxayınlıq yaratmamalıdır: “Vətəndaşlar məsuliyyətli olmalı, məsafə saxlamalı, maskadan daim istifadə etməli, şəxsi gigiyenaya riayət etməlidir. Yəni qorunma tədbirləri olduğu kimi davam etdirilməli, hər bir insan öz sağlamlığına diqqət yetirməlidir. Bununla yanaşı, Azərbaycanda vaksinasiya prosesinə start verilib. Artıq tibb işçilərinin 70 faizdən çoxu peyvənd olunub. Digər tədbirlər isə öz effektivliyini müəyyən bir zaman keçdikdən sonra göstərəcək. Həm qorunma tədbirləri, həm də peyvəndin əhalinin digər qruplarını əhatə etməsi, bu mübarizədə effektivliyi bir neçə dəfə artıracaq.

Təbii ki, bu müddət ərzində virusun mutasiyaya uğramış yeni ştammlarının Azərbaycanda müşahidə olunma riski olduğundan və vaksinasiya prosesinin hələ tam müəyyən edilən bütün hədəf kütlələrini əhatə etmədiyindən bir qədər də diqqətli olmalıyıq. Dövlətin atdığı addımlar, o cümlədən vaksinasiya prosesinin geniş kütlələri əhatə etməsi mərhələli formada alışdığımız həyat tərzinə keçməyimizə şərait yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər