Qlobal istiləşmə və iqlim dəyişikliyi yeni növ koronavirusun (COVID-19) ortaya çıxmasında birbaşa rol oynayıb.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə ingilis alimləri çıxış edib.
Alimlər tədqiqat çərçivəsində temperatur, yağıntı, buludluq dərəcəsi kimi faktorlardan istifadə edərək bir əsr əvvəl dünyanın bitki örtüyünün xəritəsini hazırlayıblar. Həmçinin yarasaların dünyada yayılmasını və müxtəlif növ yarasaların yaşaması üçün ehtiyacı olan bitki örtüyünün şərtlərini araşdırıblar.
Tədqiqat zamanı qlobal istiləşmənin yarasaların yaşayış yeri olan meşələrin inkişafına töhfə verdiyi və bu dəyişikliyin də müxtəlif növ yarasalar üçün uyğun yaşayış şəraiti yaratdığı təsbit edilib.
Elm adamları qlobal istiləşmə səbəbilə Çinin cənubundakı Uhan əyalətində bitki örtüyünün dəyişməsinin fərqli yarasalar üçün uyğun həyat şəraiti hazırladığını müşahidə ediblər. Alimlər bölgədəki COVID-19 hadisələrinin yarasaların növ zənginliyi ilə sıx əlaqəli olduğunu irəli sürüblər.
Araşdırma zamanı 100 fərqli yarasanın olduğu Uhan əyalətinə bu növlərdən 40-nın keçən əsrdə gəldiyi məlum olub. Tədqiqatçılara görə, SARS-CoV-2 virusu bu bölgədə ortaya çıxıb və Uhan əyalətinə yayılıb.
Alimlər bildirir ki, iqlim dəyişikliyi ilə birlikdə yaşayış yerləri dəyişən yarasalar yeni bölgələrə köçərkən virus və heyvanlarla yeni əlaqələr qurur. Nəticədə daha zərərli virusların inkişafına və yayılmasına səbəb olur.