9 Fevral 2021 21:09
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəsini təqdim edirik:

- Aydın müəllim, 10 noyabr və 11 yanvar bəyanatlarından sonra bölgədə yaranan yeni reallığa inanmaq istəməyənlər var. Bunu hansı amillərlə əlaqələndirmək olar?

- Üç dövlət arasında imzalanan sənədə əsasən yeni bir reallıq yaranıb. Reallıq ondan ibarətdir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Artıq Dağlıq Qarabağ problemi yoxdur. Dağlıq Qarabağın statusu məsələsi gündəlikdən çıxarılıb. Bir daha buna istinad olunmayacaq. Dünya Azərbaycanın öz gücünə ərazi bütövlüyünü təmin etdiyini beynəlxaq hüquqa uyğun olaraq addım atdığının şahidi oldu. Ermənistanda isə hələ də bu reallığı qəbul etmək istəməyən, keçmiş ab-hava ilə yaşayan müəyyən qruplar var. Xaricdəki erməni diasporu aldıqları zərbədən hələ də özlərinə gələ bilmir. Ancaq həm Ermənistan, həm də onu dəstəkləyən xarici qüvvələr reallığı nəzərə almalıdır. Çox təəssüf ki, bəzi hallarda ermənidən çox, erməni olmaq istəyənlər tapılır. Xüsusilə də Fransada ermənipərəst qüvvələr əvvəlki qaydada Azərbaycan ərazilərinə qanunsuz səfərlər etməyə, Dağlıq Qarabağa müstəqillik tələb etməyə, Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhdlər edirlər. Bunların içərisində jurnalistlərin, qeyri-hökumət təşkilatlarının, bələdiyyə sədrlərinin olması təəssüf doğurur. Fransadakı bələdiyyələrin bəzilərinin Dağlıq Qarabağla bağlı qərarları sonradan fransız məhkəmələri tərəfindən ləğv edilib. Növbəti dəfə onlar cəzasız qalacaqlarına ümid edərək, Azərbaycan ərazisinə daxil olmaq istəsələr də, əldə olunmuş razılığa əsasən rus sülhməramlıları onların ölkəmizə girişinə qadağa qoyub. Bu belə də olmalıdır. Bundan sonra Azərbaycana gəlmək istəyən hər bir şəxs ancaq ölkə qanunları və viza qaydaları ilə hərəkət etməlidir. Heç də təsadüfi deyil ki, rus sülhməramlıları Qarabağa yükləri Gəncə aeroportu vasitəsilə aparırlar. Bu özlüyündə Azərbaycanın ərazi bütövlüyünə hörmət əlamətidir.

-Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra bölgədə hansı dəyişikliklər müşahidə olunur?

- Qardaş Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib. Dağlıq Qarabağ məsələsinin həlli prosesində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın vaxtaşırı Rusiya Prezidenti Vladimir Putinlə müzakirələr aparması da mühüm əhəmiyyət kəsb edib. Ağdamda sülh sazişinə uyğun Birgə Monitorinq Mərkəzinin yaradılması sülhməramlıların fəaliyyətinə nəzarət baxımından müsbət rola malikdir. Artıq Qarabağa aparılan yüklər sülhməramlıların nəzarəti ilə həyata keçirilir. Eyni zamanda bölgədə olan qanunsuz silahlıların tamamilə ləğv edilməsi prosesi gedir. Bütün bunlar isə onu göstərir ki, artıq 26 sentyabr 2020-ci ilə qayıdış yoxdur və ola da bilməz.

- Belə həssas dönəmdə fransalı nümayəndələrin Qarabağa israrla səfər etmək istəmələrini necə izah etmək olar?

- Fransada erməni diasporunun siyasi nüfuzu olduqca böyükdür. Çox təəssüf ki, Fransada müəyyən siyasi qüvvələr seçkilərdə onların rəyini almaq üçün Ermənistanı, erməni milliyyətçilərinin istəklərini dəstəkləyən bəyanatlar səsləndirirlər. Eyni zamanda Vətən müharibəsi dövründə Fransanın müəyyən rəsmi dairələrinin Azərbaycana qarşı soyuq münasibəti də yaddan çıxmayıb. Son dövrlərdə Fransadan Azərbaycanla dostluğa, münasibətlərin inkişafına dair çağırışlar edilir. Amma bununla belə Fransada yenə də anti-azərbaycan qrupları var. Bu ölkədə hər zaman olduğu kimi erməni millətçilərinin fəaliyyəti qalır.

- Paşinyanın Fransaya "proseslərdən kənarda durun" - deməsi onun regional əməkdaşlığa səmimi olacağını göstərir, yoxsa?

- Azərbaycan Ermənistan rəhbərliyinin fəaliyyətinə onun praktiki addımlarına görə qiymət verir. Bundan sonra da proses belə olacaq. Ölkəmiz başlıca şərt ərazi bütövlüyü və suverenliyimizin bərpa edilməsidir. Qeyri-qanuni hərbi dəstələrin ərazilərdən tamamilə təmizlənməsi prosesi davam edir. Ona görə də Azərbaycanı Ermənistanın hansı bəyanatı verməsi, çağırışları qətiyyən maraqlandırmır. Konkret olaraq praktiki addımlar üzərində siyasət yürüdülür. Gündəmdə olan Mehri koridoru vasitəsi ilə Naxçıvana quru yolun açılmasıdır. Bunun müzakirəsi gedir. Ondan sonra Ermənistan tərəfindən səmimiyyət olarsa, Azərbaycan digər iqtisadi layihələri də nəzərdən keçirməyə hazırdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər