Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyətində müharibədən zərər çəkmiş ailələrə, qadın və uşaqlara dəstək göstərilməsinə və problemlərinin həllinə xüsusi önəm verir. Bu istiqamətdə fəaliyyətdə həmin ailələrin hər bir üzvünə fərdi yanaşma tətbiq edilir. Müxtəlif digər aidiyyəti orqanlar ilə əlaqələndirmə işi həyata keçirilir.
Bu barədə Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məlumat verib.
O qeyd edib ki, Dövlət Komitəsi 44 günlük Vətən müharibəsi dövründə zərərçəkmiş ailələrin yanında olub: “Ailələrin ehtiyaclarının müəyyən edilməsi məqsədilə psixososial iş aparılıb. Cəbhəyanı bölgələrə səfərlər edilib. Paytaxt və regionlarda şəhid və qazi ailələri də mütəmadi olaraq ziyarət olunub. Rayon xəstəxanalarında müalicə alan yaralı əsgərlərə baş çəkilib. Onların ehtiyacları nəzərə alınaraq müvafiq dəstək göstərilib. Eyni zamanda şəhid və qazi ailələrinin övladları Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində inkişafetdirici məşğələlərə cəlb edilib”.
Aynur Sofiyeva Dövlət Komitəsi, “Asan Könüllüləri” Gənclər Təşkilatı və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə əməkdaşlığı ilə həyata keçirilən layihələrdən bəhs edib: ““Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində 2020-ci ilin noyabr ayından etibarən bu vaxtadək psixoloq və sosial işçilərdən ibarət xüsusi təlimləndirilib. Komanda Goranboy, Gəncə, Ağdam və Tərtər şəhərlərində 1141 ailəyə səfər edərək onların psixososial ehtiyaclarını dəyərləndirib. Bu ailələrdə yaşayan, ümumilikdə, 1751 uşaq ilkin psixoloji yardım almış və onların psixoloji durumu qiymətləndirilib. Psixososial vəziyyəti qiymətləndirilmiş uşaqların bir qismi ehtiyacı üzrə bu ilin aprel ayınadək əlavə dəstək tədbirlərinə cəlb olunacaq”.