Kamal Cəfərova minnətdaram ki, bizim qaldırdığımız məsələləri, irəli sürdüyümüz təklifləri müvafiq dövlət orqanlarına çatdırır. Qeyd edim ki, ötən dəfə biz burada məsələ qaldırdıqdan sonra şəhərdə müşahidə apardıq və məlum oldu ki, bəzi yerlərə həqiqətən də işıqforlar qoyulub. Bu müsbət hadisədir və Kamal Cəfərovdan xahiş edirəm ki, bizim bu təşəkkürümüzü müvafiq qurumlara çatdırsın.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
Həsənquliyev digər bir təklifinin hansı səbəbdən nəzərə alınmadığını bilmədiyini qeyd edib:
“Mənim irəli sürdüyüm digər təklif avtoxuliqanlıqla bağlı idi. Bəli, avtoxuliqanlıqla bağlı qanunvericiliyə dəqiq müddəalar var. Qeyd edilir ki, avtomobil saatda 60 kilometr sürəti aşıbsa inzibati qaydada cəzalandırıla bilər. Ancaq mən təklif etmişəm ki, magistral yollarda bu sürət dəyişdirilsin. Bildiyiniz kimi son illər bizdə gözəl yollar çəkilib. Magistral yollarda sürətin saatda 120 kilometrin aşılması zamanı sürücü yalnız özünə ziyan vura bilər. Çünki magistral yolların əksəriyyətində beton pilitələr çəkilib. Və burada sürət həddinin yüksək olması daha çox sürücünün özünə zərər verə bilər. Ancaq şəhər daxili yollarda sürətin saatda 60 kilometr olması normaldır həddir. Şəhər daxilində sürət 60-dırsa və olması zaman şəxs saatda 100 kilometr sürətlə hərəkət edirsə, bu artıq avtoxuliqanlıqdır. Çünki bunun hansı nəticələr yaradacağı bəllidir. Mənim təklifimin mahiyyətində o dururdu ki, şəhər daxilindəki yollarla magistral yollarda sürət həddini bir-birindən ayırmaq lazımdır. Biz nəzərə almalıyıq ki, dünya təcrübəsində də şəhər daxili və magistral yollarda sürət həddi eyni götürülmür”.