12 Fevral 2021 21:55
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət daşıyan bir layihədir. Eyni zamanda Cənub Qaz Dəhlizinin gündəmə gəlməsindən indiyədək Avropa Komissiyasının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından ilk illərdən prioritet layihələrdən hesab edilir. Yəni Avropa strukturlarının siyasi dəstək ifadə etdikləri layihədir.

Bunu Teleqaf.com-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib.

Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi bir ixrac gücü deyil, o eyni zamanda geniş bir əməkdaşlıq platformasıdır:

“Bu baxımdan Cənub Qaz Dəhlizinin işləri iki mərhələlidir. Birinci mərhələdə hasilat, ikinci mərhələdə üç elementdən ibarət ixrac güclərinin çəkilməsi və eyni zamanda təyin edilmiş qrafik əsasında sənaye istismarına verilməsindən ibarətdir. Bu baxımdan Cənub Qaz Dəhlizinin əvvəlcədən təyin edilmiş qrafik üzrə tikintisini həyata keçirmək və eyni zamanda onun sənaye istismarına verilməsi baxımından 2015-ci ildə Azərbaycanın təşəbbüsü ilə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası yaradıldı. Bu, Azərbaycanın təşəbbüsü idi. Düzdür, Məşvərət Şurası adı çəkilən layihənin həyata keçirilməsində qərarverici səlahiyyətə malik olmasa da həmin layihənin gerçəkləşməsində koordinasiya rolunu oynamaq, eyni zamanda işlərin vaxtlı-vaxtında həyata keçirilməsi baxımından əlaqələndirici funksiyanı yerinə yetirir. Çünki ildə bir dəfə, yəni 2015-ci ildən bu günə kimi fevral ayında Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısı keçirilir. Toplantıya layihənin həyata keçirilməsinə sorumlu olan dövlətlərin dövlət və hökumət nümayəndələri, layihənin həyata keçirilməsində iştirak edən şirkətlər, yəni texniki təchizatçı, mühəndis xidməti, avadanlıq təchizatı və tikinti işləri ilə məşğul olan şirkətlər cəlb edilir. Eyni zamanda layihənin həyata keçirilməsini nəzərdə tutan beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak edirlər. Məşvərət Şurası hər il layihənin icrası ilə bağlı zəif nöqtələri araşdırmaq, müəyyən tövsiyələr vermək, dövlət və hökumətlər arasında layihənin vaxtında istismara verilməsi ilə bağlı müəyyən boşluqları yenidən nəzərdən keçirmək və bu işə sürətləndirici və təkanverici amilləri nöqtələri arayıb axtarmaqdan ibarət idi. Bu baxımdan Məşvərət Şurasının yaradılması layihənin vaxtında həyata keçirilməsi ilə bağlı doğru-dürüst bir qurumdur. Düzdür, artıq qeyd etdiyim kimi elə bir səlahiyyəti yoxdur. Müstəsna sərəncamverici səlahiyyəti olmasa da layihənin gerçəkləşdirilməsində, koordinasiyanın təşkilində müəyyən xidmətləri olan qurumdur”.

Z.Vəliyev qeyd edib ki, Cənub Qaz Dəhlizi qarşıdakı illərdə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna xidməti olan layihələrdən hesab olunacaq:

“Çünki Cənub Qaz Dəhlizi son 50 ildə dünyanın neft-qaz sənayesində çox ambisiyalı layihələrdən biridir və sənaye istismarına veriləndən sonra Xəzər regionunu Aralıq dənizi regionu, yaxud Avropanın enerji bazarları ilə birləşdirən ilk ixrac gücüdür”.

Müsahibimiz daha sonra deyib:

“Mən az öncə bildirdim ki, Cənub Qaz Dəhlizi təkcə ilk ixrac gücü deyil və eyni zamanda geniş bir əməkdaşlıq platformasıdır. Çünki Cənub Qaz Dəhlizinin tam miqyasda işə düşməsindən sonra dəhlizin imkanlarından ondan kənarda olan dövlətlər də istifadə edə biləcək. Birləşdirici qaz kəmərləri – interkonnektorların fəaliyyətinin xammal bazasının gücləndirilməsi ilə bağlı Cənub Qaz Dəhlizinin əhəmiyyəti olduqca böyükdür. Eyni zamanda Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və hazırda 160-dan çox ölkənin karbonsuz texnologiyaların inkişafı ilə bağlı ambisiyalı layihələr həyata keçirməsi fonunda təbii qaz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, eyni zamanda alternativ və bərpa olunan enerji mənbələrinə keçiddə aralıq enerji, yaxud yanacaq növü kimi iştirakına təkan verəcək. Bu baxımdan mən hesab edirım ki, Cənub Qaf Dəhlizi hələ uzun müddətli dövrdə Avropanın qaz təchizatında müstəsna rol oynayacaq. Eyni zamanda Cənub Qaz Dəhlizinin imkanlarından, yəni bizim ixrac güclərimizdən digər təchizatçı ölkələrin də istifadə etməsinə stimul yaradacaq”.

Qeyd edək ki, fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib. Dövlət başçımız qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VII iclası videokonfrans vasitəsilə keçirilir. Bu, pandemiyanın nəticəsində yaranmış yeni reallıqdır. Buna baxmayaraq, Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bizim birgə fəaliyyətimizin nəticəsi hər zaman olduğu kimi əhəmiyyətli olacaq.

İclasda dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də iştirak ediblər.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər