Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) fəaliyyət göstərir. Mərkəz risk qrupuna aid olan ailələrin aşkarlanması, sosial-psixoloji vəziyyətlərinin qiymətləndirilməsi və problemlərinin həll edilməsinə diqqət ayırır. Eyni zamanda vətəndaşlar tərəfindən daxil olan müraciətlər birbaşa və ya əlaqədar qurumlarla birgə həll edilir. Məişət zorakılığı, qadın, uşaq zorakılığı, erkən nikahlar, təhsildən yayınma hallarına qarşı maarifləndirmə işləri aparılır.
Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.
Komitənin sədr müavini bildirib ki, mərkəzlər tərəfindən həssas təbəqədən olan ailələrlə bağlı tədbirlər keçirilir:
“”Narkomaniya və onun fəsadları”, “Erkən nikah”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək”, “COVID-19 virusu ilə mübarizə”, “Qadın və uşaq zorakılığına son” kimi mövzularda mütəmadi olaraq sistemli şəkildə təbliğat aparılır. “QİÇS-lə mübarizə”, “Əlilliyin erkən profilaktikası”, “Ailə dəyərləri”, “Fövqəladə hallar zamanı nə etməli?”, “İnsan hüquqlarının qorunması” mövzuları da diqqətdə saxlanılır. Eyni zamanda “Məişət zorakılığı ilə mübarizə”, “Uşaqların cinsi istismarı”, “Uşaq əməyinin istismarı” və digər mövzularda silsilə tədbirlər keçirilir. Pandemiya ilə mübarizədə də genişmiqyaslı layihələr, maarifləndirici aksiyalar təşkil edilib. Bu fəaliyyətlər çərçivəsində “Ailələrə zəng” maarifləndirmə aksiyası ilə 3245 vətəndaş məlumatlandırılıb. 1020 ailəyə məlumat vərəqi paylanılıb, 361 nəfərə psixoloji dəstək göstərilib. Dövlət Gömrük Komitəsi və “Asan Könüllüləri” ilə birgə 74 ahıl və tənha şəxsə yardımlar edilib. Qadın Resurs Mərkəzləri ilə birgə 340 nəfərə, UADM-lər tərəfindən isə 145 ailəyə ərzaq yardımı göndərilib. Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF-lə birgə 483 aztəminatlı və risk qruplu ailəyə ərzaq yardımı edilib”.
Aynur Sofiyeva qeyd edib ki, beynəlxalq təşkilatların dəstəyi ilə “Ailədən-ailəyə” aksiyası çərçivəsində yaşayış yerini müvəqqəti tərk edən və müvafiq yardıma ehtiyacı olan 341 ailəyə yardımlar təşkil olunub: “Komitə Vətən müharibəsi dövründə zərərçəkmiş ailələrin yanında olub. Qadın və uşaqlarla yaxından iş aparıb. Hər bir ailə üzvünə fərdi yanaşma tətbiq edilib. Ehtiyaclar, psixoloji vəziyyət qiymətləndirilib. Mütəmadi işlər aparılıb. Bu qəbildən olan ailələr daim diqqətdə saxlanılaraq ziyarət olunur. Şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur. Rayon xəstəxanalarında müalicə alan yaralı əsgərləri ziyarət edilir. Onların ehtiyacları nəzərə alınaraq müvafiq yardımlar olunur. Birdəfəlik ödənişlərin, sosial yardımların alınması bağlı müraciət formalarının hazırlanmasında zəruri köməkliklər edilir. Şəhid ailələrinin istəkləri nəzərə alınaraq evlərdə şəhid guşəsi yaradılıb və şəhid övladlarının doğum günləri təşkil edilib. Eyni zamanda cəbhədə döyüşən əsgərlər üçün “Əsgərə sovqat” aksiyası çərçivəsində gündəlik ehtiyac üçün nəzərdə tutulmuş vasitələr göndərilib. Müharibə dövründə komitə rəhbərliyi və əməkdaşları cəbhəyanı bölgələrə mütəmadi səfərlər edib. Ailələrin ilkin ehtiyacları qarşılanıb, qadın və uşaqlara psixoloji dəstək göstərilib. Erməni terroru nəticəsində travma almış uşaqların müxtəlif növ psixoloji və inkişafetdirici məşğələlərdə iştirakı təmin edilib”.
A. Sofiyeva bildirib ki, Ermənistanın Bərdə şəhərini bombalaması zamanı travma alan uşaqlara psixoloji dəstək göstərilib, onların ailələri də Bakı şəhərində yerləşdirilib:
“Gəncə şəhərində raket hücumundan zərərçəkmiş ailələrlə mütəmadi görüşlər keçirilib. Terror nəticəsində zərər görmüş qadın və uşaqlara psixoloji dəstək göstərilib. İlkin ehtiyaclarının ödənilməsi məqsədi ilə yardım etmək istəyən digər vətəndaşlarla əlaqələndirilib. Dövlət Komitəsi, “Asan Könüllüləri” Gənclər Təşkilatı və BMT–nin Uşaq Fondu (UNİCEF) “Fövqəladə hallarda uşaq müdafiəsi” tədbirləri həyata keçirib. Layihə çərçivəsində 2020-ci ilin noyabrından bu vaxtadək Goranboy, Gəncə, Ağdam və Tərtər şəhərlərində 1141 ailə ilə görüşülüb. Onların psixososial ehtiyacları dəyərləndirilib. 1751 uşağa isə ilkin psixoloji yardım olunub. Onların psixoloji durumu dəyərləndirilib. Psixososial vəziyyəti qiymətləndirilmiş uşaqların bir qismi ehtiyacı üzrə bu ilin aprel ayınadək əlavə dəstək tədbirlərinə cəlb olunacaq”.