Biz yenidən sərt məhdudiyyətlərin tətbiq olunmasını istəmiriksə, mövcud qaydalara əməl etməliyik. Çünki vaksinasiya prosesi hələ bitməyib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, insanların tibbi maskadan istifadəyə ciddi yanaşmaması narahatedicidir. “Reallıq odur ki, pandemiya hələ tam bitməyib. Dövlət bir müddət əvvəl ciddi qərarlar tətbiq etdi və nəticədə yoluxmada kəskin azalma müşahidə etdik. İndi bəzi insanlarda müəyyən rahatlıq mövcuddur. Düşünürlər ki, pandemiya artıq aradan qalxıb, maska taxılmasına ciddi yanaşmırlar. Bu kimi hallar yenidən məhdudlaşmaya gətirib çıxara bilər”.
Deputat bildirib ki, Bakıda gün ərzində restoran və kafelərdə insanlar çox olur və əksəriyyət müəyyən qərar və normalara əməl etmir: “Burada həm dövlətin, həm də vətəndaşın üzərinə məsuliyyət düşür. Bir çox hallarda vətəndaşlar küçələrdə, restoran və kafelərdə maskadan istifadə etmirlər. Müəyyən mənada rahatlaşma var. Lakin insanlar bu məsələyə daha məsuliyyətli yanaşmalıdırlar”.
Ceyhun Məmmədov 15 fevral tarixindən orta ümumtəhsil və ali məktəblərdə əyani təhsilin qismən bərpa edilməsi ilə metronun açılması zərurətinə münasibət bildirib: “Bununla bağlı fikirlər mətbuatda müzakirə olundu ki, fevralın 15-i ali məktəblərin də açılması ilə metronun fəaliyyətini bərpa etməsi gözlənilir. Baxmayaraq ki, kifayət qədər avtobus xəttə buraxılıb, Bakıda sıxlıq müşahidə olunur. Bununla bağlı Operativ Qərargah müəyyən araşdırmalar və təhlillər aparır. Əgər ölkədə yoluxma sayı irəriləyən günlərdə artmazsa və ciddi problem yaşanmazsa, metronun fəaliyyətinin bərpası məsələsinə baxmaq olar”.
Millət vəkili onu da qeyd edib ki, tələbələrin ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri metrodur və onun fəaliyyəti şəhərdə sıxlığın azalmasına öz ciddi təsirini göstərir: “Metronun fəaliyyətinin bərpası daha çox epidemioloji vəziyyətdən asılıdır. Düşünürəm ki, bununla bağlı müvafiq qərar qəbul ediləcək. Bilirik ki, metroda da zaman-zaman sıxlıq yaranır. Bu səbəbdən vətəndaşlar maksimum ehtiyyatlı və diqqətli olmalıdır”