Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Reza Deqatinin media nümayəndələri ilə görüşü keçirilib.
Publika.az xəbər verir ki, çıxışından öncə Heydər Əliyev Fonduna təşəkkür edən Reza Deqati uşaqlıq xatirələrini media nümayəndələri ilə bölüşərək peşəsinə uşaqlıqdan aşiq olduğunu vurğulayıb.
Fotoqrafiyanın bəşəriyyətə xidmətindən danışan fotoqraf həmçinin ustadının olmadığını da qeyd edib.
Daha sonra Reza Deqatinin dünya vəhşətini əks etdirən fotolarından ibarət 6 dəqiqəlik videoçarx nümayiş olunub. Qanlı Yanvar hadisələrindən ürək ağrısı ilə danışan məşhur fotoqraf çətinliklə də olsa bu faciəni işıqlandırmağından, çəkdiyi fotoşəkillərin tarixindən danışıb. Min bir əziyyətlə çəkdiyi fotoşəkilləri Avropa mediasında işıqlandırmağın çətinliklərini xatırladıb. Xocalı faciəsinin canlı şahidi olan Deqati erməni vəhşiliyini sübut edən tarixi faktları varaqlayıb.
Reza Deqati həmçinin Birinci və İkinci Qarabağ müharibələri dövründə çəkdiyi fotoşəkilləri müqayisə edib. Şuşada sonuncu çay və işğaldan sonra Şuşada ilk çay fotoşəkillərinin tarixçəsini jurnalistlərlə bölüşüb.
Fotoqraf son günlər sosial hesablarında maraq doğuran bir paylaşımına da aydınlıq gətirib.
Deqatinin Publika.az əməkdaşının "40 illik silahdaşınız olan fotokameranızı niyə satmaq qərarına gəldiniz" sualına cavabı da gözlənilməz olub: "Azərbaycanlı qazi qardaşlarımın müalicəsi üçün əlimdən yalnız bu gəlir. Əziz silahdaşımı, fotoaparatımı auksionda satıb, əldə etdiyim gəliri "YAŞAT" Fondunun hesabına köçürmək arzusundayam. Mənim də imkanım buna çatır".
Əl işləri yüzlərlə dünya şöhrətli jurnalların üz qabığını bəzəyən R.Deqatinin bu günədək 33 kitabı işıq üzü görüb.