Qış fəsli olmasına baxmayaraq, hazırda Kür çayında suyun səviyyəsi xeyli azalıb. Bu, daha çox Kürün Salyan rayonu ərazisindən keçən hissəsində müşahidə olunur. Bir neçə gündə çayın rayon ərazisindən keçən hissəsində su səviyyəsi 1,7 metr aşağı düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Teleqraf.com-a bildirib ki, hava şəraitinin yağmursuz və mülayim keçməsi ilə əlaqədar hazırda çaylarda nisbətən azalma müşahidə olunmaqdadır:
“Azalam Kür çayında və ona tökülən qollarda da müşahidə olunur. Bunun nəticəsində Kür çayının aşağı hissəsində suyun səviyyəsində azalma var. Azalma daha çox Kürün Sabirabad, Şirvan, Salyan rayonu ərazisindən keçən hissəsində öz təsirini göstərir”.
Asif Verdiyev qeyd edib ki, Kür çayında suyun səviyyəsinin aşağı olması mövsümi xarakter daşıyır: “Azalma qış dövrü ilə əlaqədardır. Yaz və yay aylarında gur sululuq dövrü başlayır. Bundan sonra martın axırı, aprelin əvvəli yağın yağışlarla əlaqədar dağlarda qar örtüyü əriyir. Bu dövrdə həmin ərazilərdə çaylarda suyun artımı gözlənilir”.
Sululuğun hansı səviyyədə olacağına gəlincə, baş hidroloq proqnozu indidən verməyin doğru olmadığını deyib: “Mart ayının əvvəlində Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində qarölçmə işləri aparacağıq. Burada əsas məqsəd dağlıq ərazilərdə qar ehtiyatının nə qədər olduğunu və bu ehtiyatın nə qədər su verə biləcəyini öyrənməkdən ibarətdir. Qarölçmə işləri aparılandan sonra, yəni martın sonunda çaylarda sululuğun hansı səviyyədə olacağına öyrənə biləcəyik”.