Fevralın 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfiri salamlayan müdafiə naziri bildirib ki, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Nazir qeyd edib ki, bütün sahələrdə olduğu kimi müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun uğurla inkişaf edir.
Z.Həsənov səfirə ordu quruculuğu sahəsində keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verib.
Diplomat, öz növbəsində, Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Səfir qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib.
Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edən səfir Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayıb.
Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı bir sıra digər məsələlər müzakirə olunub.