Ermənilərin növbəti dəfə Azərbaycana məxsus xalçaları oğurlaması və öz adlarına çıxmasına qarşı dövlətimiz tərəfindən mühüm addımlar atılmaqdadır. Mədəniyyət Nazirliyi bununla bağlı artıq işlərə başlayıb. Eyni zamanda nazirlik rəsmi şəkildə YUNESKO-dan İrəvana mütəxəssis göndərməyi tələb etməlidir.
Bunu Teleqraf.com-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib.
Onun fikrincə, mütəxəssislər bu xalçaları nəinki azərbaycanlılara məxsus olduğunu, hətta onun ağdamlıların, qubalıların, yaxud cəbrayıllıların toxuduğunu da ayırd edə bilər: “Hər bir xalçanın toxunuşundan bilinir ki, bu, Azərbaycanın hansı bölgəsinə xarakterikdir. Quba, Qazax, Qarabağ, Gəncə xalçaları öz toxunuş xüsusiyyətlərinə görə fərqlənir.
Dünyanın harasında olur-olsun, bu xalçaların Azərbaycan xalqına aidiyyətini ayırd etmək elə də çətin deyil. Ona görə də, Mədəniyyət Nazirliyi YUNESKO xətti ilə İrəvana nümayəndə göndərib o xalçaların əsl sahibinin kim olduğunu müəyyən etməlidir”.
Komitə üzvü artıq bu məsələ ilə bağlı Milli Məclisdə də müzakirələrin aparıldığını söyləyib: “YUNESKO və digər təşkilatların bəzən Azərbaycana qarşı qərəzli yanaşması olur. Azərbaycan torpaqlarının erməni işğalı nəticəsində məscidlər, tarixi mədəni abidələr dağıdılıb, yerlə-yeksan olunub. Mən atamın qəbrinin üstünə gedə bilmirəm. Amma ermənini Xudavəngə düdük-zurna ilə kəbin kəsməyə gətirirlər. Bu, Azərbaycana və xalqımıza qarşı olan ayrıseçkilikdir”.
Aqil Abbas YUNESKO, ATƏT kimi təşkilatların fəaliyyətindən xalqımızın narazı olduğunu, bu təşkilatların ancaq ermənilərin maraqlarına xidmət etdiyini vurğulayıb: “44 günlük müharibə dövründə YUNESKO erməni “abidəsi” axtarışında idi. Gündə narahatlıq yaradan açıqlamalar göndərirdi. Amma ermənilər Azərbaycan torpaqlarında bir dənə də salamat tarixi-mədəni abidə qoymayıb. Buna səs çıxaran yoxdur.
Albanlara məxsus məbədləri də ermənilər öz adlarına çıxır. Ermənilər hansı abidələri ki, özününküləşdirə bilməyiblər, onu yerlə-yeksan ediblər”.
Millət vəkili qeyd edib ki, mədəni irsə maraq göstərən istənilən adam Azərbaycana məxsus xalçanı tanıyır: “Mütəxəssis deyiləm, amma Quba xalçası ilə Qarabağ xalçasını ayırd edə bilirəm. Hətta avşarların da xalçasının tanımaq olur.
Xalça bizim evlərimizdə bir dəyər sayılıb. Hətta farsların, türklərin toxuduqları xalçanı belə ayırd etmək asandır. Azərbaycanda bu işi Lətif Kərimov kimi bilən mütəxəssislər olub. Xalqımıza məxsus bütün xalçalarla bağlı Lətif Kərimovun albomunda faktlar var”.