Ermənistan parlamentinin sədri Ararat Mirzoyan dünən İranın bu ölkədəki səfiri Abbas Zohurini qəbul edib. Təbii ki, bu görüş səfirin xahişi ilə baş tutub”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Görüş barədə Ermənistan mətbuatının yayımladığı xəbərdə diqqətçəkən bir məqam var:
“Bu da hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə də Zəngəzur (Sünik) vilayətində birgə iqtisadi fəaliyyətin genişləndirilməsi ilə bağlıdır. Maraqlı məqamdır və şübhəsiz ki, Azərbaycan və Türkiyəni birləşdirən dəhliz üzərində İranın iqtisadi təsir mexanizmlərinin gücləndirilməsinə xidmət edir. Görünür, Zəngəzurda İranın təsir imkanlarının genişlənməsi Ermənistanın da, İranın da maraqlarına uyğundur. Çünki hər iki ölkə regionda Azərbaycan və Türkiyənin təsir imkanlarının genişlənməsindən narahatlıq keçirirlər.
Haqqında söz açdığım xəbərin Türkiyə-Azərbaycan biznes forumunun keçirildiyi və iki ölkə arasında 11 yeni sazişin imzalandığı gün yayımlandığını nəzərə alsaq, İran səfirinin erməni spikerlə görüşünün daha çox mesaj xarakteri daşıdığını müəyyənləşdirə bilərik.
Nə isə... mollaxanın təəssübkeşləri görək indi nə deyəcəklər. Son günlər fəallaşıblar”.