Millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumuilikdə mindən artıq ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı məlumat verib.
Bildirilir ki, müraciətdə müstəqillik qazandıqdan sonra ana dilinin milli dövlətçiliyin əsas atributlarından biri kimi tanıdılması ilk və vacib məsələlərdən biri kimi diqqət mərkəzində olması vurğulanıb: “Müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycan prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilib, dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılıb.
Buna baxmayaraq, mükəmməlliyi, zənginliyi ilə nəinki bir çox dünya xalqlarını, hətta mənsub olduğu dil qrupuna daxil olan türkdilli xalqları belə heyran qoyan ana dilimizin öz yurdunda hörmətsizliyə məruz qaldığını görməmək olmur”.
Müraciətə bu yaxınlarda yeni yaradılmış “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi Bakının mərkəzi prospekt və küçələrində keçirdiyi monitorinqinin nəticələri də əlavə olunub: “Təkcə Rəsulzadə küçəsində aparılan monitorinq zamanı məlum olub ki, ərazidəki 42 ticarət və xidmət obyektindən 41-də Azərbaycan dilindən ümumiyyətlə istifadə edilməyib. Çox təəssüf ki, Rəsulzadə küçəsi istisna deyil və aparılmış monitorinqlər digər ərazilərdə də utandırıcı vəziyyətin olduğunu təsdiqləyir.
Milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb.
Bakının dil mənzərəsi ilə bağlı xoşagəlməz bir mirasla üz-üzəyik. Bununla bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevaya, Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” qanuna riayət edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyətinə - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova, yüzdən artıq millət vəkilinə müraciət etmişik”.