Ermənilər Cənubi Qafqaza köçürüldükləri ilk gündən məskunlaşdırıldıqları bütün ərazilərimizdə tarixi abidələrimizə və yer adlarımıza qarşı düşünülmüş və məqsədyönlü şəkildə saxtalaşdırma siyasəti həyata keçiriblər. Ona görə ki, gələcəkdə özlərini bu yerlərin sahibi kimi təqdim etməyə əsas yaratmaq fikrində idilər. Beləliklə də tarixən bizə aid dini və mədəni abidələrimizin adlarını, toponim və etnonimlərimizi, hidronim və oykonimlərimizi ucdantutma dəyişməyə başladılar. İstər Zəngəzurda, istər İrəvan və Zəngibasarda, istərsə də digər tarixi ərazilərimizdə müxtəlif metodlarla bunu sistemli şəkildə etdilər.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
O qeyd edib ki, əgər metodlardan biri “kalka” üsulu ilə hərfi tərcümə idisə, digəri dilimizdə arxaikləşmiş və semantik mənasını itirmiş sözlərimizi tapıb bərpa edilməsi yolu idi:
“Bunda məqsəd axtarışlar zamanı tarixi mənbələrdə həmin sözlərə rast gəlinən zaman onun hayca olmasını iddia etməklə tarixi sübuta söykənmək idi. Çox təəssüf ki, bizim tarixçilər və elə həm də hamımız əksər hallarda onların bu tələsinə düşdük. Məsələn, erməni sözü, ərməniyyə vilayəti türk sözü və türkcə olduğu halda biz onların bu sözü öz “hay” xalqına ad kimi verməsinə mane ola bimədik. Ən böyük saxtakarlıq elə burdan başladı. Bu günə qədər də ermənilər öz dillərində özlərinə “hay”, ölkələrinə isə “Hayastan” deyirlər. Çünki onlar “ərəmən” adının xristian qıpçaqların adı olduğunu, bütün Zəngəzur, İrəvan və digər ərazilərimizdə olan xiristian abidələrinin də əcdadımız olan qıpçaqlara aid olduğunu yaxşı bilirlər. Təsadüfi deyil ki, indi də Zəngəzurun Qafan rayonu ərazisində “Qıpçaqavəng” monasrtı və kilsəsi var. Qafan sözü də qaf – qafa kökündən yaranıb, “baş” mənasını verir. “An” isə arxaik türkcədə cəm şəkilçisidir. Elə Qaf–Qaz sözündə də sözün kökü Qaf – yəni baş, yəni bir şeyin üzərində olan deməkdir. Məsələn, biz qazanın üzərindəki örtməni qapaq adlandırırıq. Əslində isə bu sözün kökü də “qaf-paq”dan gəlir. Yəni qazanın üstündə olan deməkdir. Bu şəkildə minlərlə ada izahat vermək olar”.
Hikmət Babaoğlu qeyd edib ki, ermənilərin toponimlərimizi ən son saxtalaşdırma cəhdlərini Qarabağın adını Arsak kimi dəyişmək cəhdlərində gördük:
“Arsak, Kansak (Xansak – Gəncənin qədim adı, çar skiflərin yurdu) Sakatala –Sak talası, Balakən–Bala–Sak–an, Şəki–Saki, Sü–Sak-An–Sisakan, yaxud indiki Sisiyan və sair kimi etnotoponilərimiz qədim əcdadlarımız olan sak – skif türkləri ilə bağlıdır. Milli etnogenezimizin alt qatlarıdır. Heredot yazır ki, qədim zamanlarda bütün türklər sak hökmdarı Alp Ər Tonqanın rəhbərliyi altında birlikdə yaşayırdılar. Zəngəzur da etnotoponimdir. Zəngi tayfalarının adı ilə bağlıdır. Azərbaycanda Zəngəzur, Zəngilan indi İrəvan ətrafında qalan Zəngibasar, İranda Zəncan və sair yer adlarının hamısı bu qədim türk tayfasının adı ilə bağlıdır. Bəzi mənbələrdə zəngi etnonimi “sanki” şəklində qeyd olunur və biz bu formanı Sanki-Çal (Sanqaçal) adında görürük. Əslində elə zəngi adının daha düzgün ifadəsi “sanki”dir və “san” sözündən əmələ gəlib. Hazırda “san” sözü arxaikləşdiyinə görə biz onun mənasını bilmirik və ayrılıqda işlədildikdə bir məzmun ifadə etmədiyinə görə onu heç müstəqil leksik vahid də saymırıq. Sadəcə “ad-san” deyəndə işlədirik, ancaq burada da sanın rütbə, ictimai nüfuz, vəzifə mənasını ifadə etdiyini bilmirik. Zəngilər-Sankilər daim atlı qoşun saxlaya bildikərinə görə onlar xüsusi rütbəli hesab olunur və “Sanlılar – sankilər” adlandırılırdılar. Onların tikdirdikləri qalalar Sangi – Sur (sur-yəni qala divarları ), yəni Zəngəzur, qədim bazar (əslində isə basar – yəni məğlub edər) tayfaları ilə ittifaqları Zəngibasar, qurduqları yarımmüstəqil dövlət Sanki –il –an yəni Zəngilan (İl-El sözü qədim türkcədə dövlət mənasını verirdi. Ona görə də ərəblər oğuzların qurduğu ilkin dövləti bəzən İl-Oquz –İl –Quz, İş-Quz, kimi yazırdılar) adlanırdı. Ona görə də biz xalqımızın yeni dirçəliş mərhələsinə qədəm qoyduğu bu tarixi məqamda milli-etnik yaddaşımızı tamamilə yeniləməli və ümumiyyətlə tariximiz yeni gerçəkçi konsepsiya əsasında yenidən yazmalıyıq.