Bu gün parlamentin inzibati binasının foyesində Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakı ilə YARAT Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının kvartetinin müşayiəti ilə keçirilən sərgidə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Fəzail İbrahimli, Adil Əliyev, parlamentin komitə sədrləri, komitə sədrlərinin müavinləri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Sərgidə nümayiş etdirilən əsərlər barədə məlumat verən ekspressionist rəssam Ramal Kazım bildirib ki, sərgiyə Xocalı soyqırımı silsiləsinə aid əsərlər, həmçinin “Dağılmış yuvalar”, “İçi boş insan”, “Etiraz”, “Zori Balayanın surəti”,“Ümid” əsərləri daxildir.
Bu əsərlər Xocalı soyqırımını dünyaya çatdırmaq üçün İstanbulda Milli Saraylar Muzeyində “Gözü yaşlı Xocalı” və Belçikanın Kral İncəsənət Muzeyində“Xocalıya ədalət!” adları altında sərgilənib.
Bildirilib ki, bu rəsm əsərləri soyqırıma məruz qalmış insanların yaşantılarını, psixoloji vəziyyətini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır. “Ümid” əsəri isə hər faciədə bir ümidin olduğuna işarədir və son dövrlərdə yaşadığımız hadisələr, torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizi bu istəyimizə qovuşdurdu.
Sərgi ilə tanış olan Milli Məclisin aədri Sahibə Qafarova Xocalı faciəsinin incəsənət dili ilə bu cür uğurlu təsvirinə görə rəssam Ramal Kazıma təşəkkürünü bildirib.
Qeyd edib ki, belə bir sərgiyə baxmaq həqiqətən çox təsirlidir. Spiker gənc rəssama bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.