27 Fevral 2021 14:00
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ilk dəfə 4 dildə, 4 saatdan artıq canlı olaraq beynəlxalq və yerli jurnalistlərin sualları cavablandırılıb. Suallara verilən cavabları daha çox 44 günlük müharibədən sonra regionda sülhyaratma prosesində iştirak edən 4 dövlətin yol xəritəsinin tam izahı hesab etmək olar. Həmin yol xəritəsindən kiminsə kənara çıxmasına qətiyyən yol verilməyəcəyi də açıq şəkildə ortaya qoyuldu. Bu konfransın Xocalı faciəsinin anım günündə keçirilməsini dünyaya ciddi bir mesaj idi.

Bunu Teleqraf.com-a siyasi şərhçi Xəyal Bəşirov deyib.

Onun fikrincə, müharibə dövründə Prezident dünyanın aparıcı media qurumlarına 30-dan artıq geniş müsahibələri verib:

“O zaman əsas məsələ işğalda olan ərazilərin azad edilməsi üçün aparılan müharibə idi. Müharibə bitdi, işğala son qoyuldu. Növbəti mətbuat konfransı ilə Prezident bir daha dünyaya Azərbaycan üçün müharibənin bitdiyini və yeni prioritetlərin müəyyənləşdiyini çatdırdı. Ərazilərin bərpası ilə yanaşı Xocalı soyqırımı aktını törədənlərin məsuliyyət məsələsi gündəmdə oldu. Ünvanlanan suallara verilən qətiyyətli cavablar, bərpa prosesindən, sülhməramlıların ərazini tərk edəcəkləri ana qədər bütün məqamları əhatə edib”.

Siyasi şərhçi bildirib ki, Prezident Ermənistanda xalqı aldadıb müharibə şüarları ilə hakimiyyətə gəlmək istəyən revanşist quvvələrin çağırışlarına da qəti cavab verib:

“Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq 10 noyabr bəyanatı icra olunmalıdır. Yəni, orada vəziyyətin qarışması və ya baş verən digər proseslər bəyanatla üzərinə götürdükləri öhdəliklərdən boyun qaçırmaq üçün bəhanə ola bilməz. Bununla dövlət başçısı bir daha yada saldı ki, o sənəddə Rusiya prezidentinin də imzası var və o şəxsən bu sənədin qarantıdır”.

Xəyal Bəşirov rus sülhməramlıları ilə bağlı cəmiyyətdə yaranan bəzi suallara da cavab verildiyini söyləyib:

“Dövlət başçısı sülhməramlıların məqsədinin orada normal və birgəyaşayış qaydalarını tam təmin etmək olduğunu qeyd edib. Daha sonra həmin ərazilərdə normal həyatı bir neçə ilə bərpa etmək niyyətimizi ortaya qoyub. Deməli, Azərbaycan müəyyən edilmiş ilk 5 ilin tamamında hazırkı vəziyyətin dəyişdirilməsi qənaətindədir.

Ali Baş Komandan Ermənistanı silkələməkdə olan "İskəndər" raketləri ilə bağlı məsələyə də münasibət bildirib.

Bu sualı şərh edərkən o, 44 günlük müharibəyə qədər Ermənistanın silahlandırılmasını pisləyib. Müharibədən sonra bu cür halın olmadığını təqdir edib. Belə təşəbbüslərin regiondakı sülhməramlı missiya ilə zidd olması xəbərdarlığı olunub”.

Politoloqa görə, ümumilikdə qalib dövlətin rəhbəri kimi Prezident İlham Əliyev daha çox sülh çağırışları ilə yadda qaldı:

“Ancaq heç kimə və heç bir təxribat xarakterli məsələdə güzəştin olmayacağını da bildirdi. Prezident 10 noyabr tarixli bəyanatdan sonra proseslərin normal şəkildə davam edəcəyi təqdirdə son sülh sazişinin imzalanmasını da istisna etmədi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər