Cənab Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında mühüm məsələlərə toxundu. Jurnalistlərin suallarına cavab olaraq İkinci Qarabağ müharibəsi, müharibənin gedişi, 10 noyabr razılaşması ətrafında fikirlər səsləndirildi. Eyni zamanda regionda baş verən proseslər haqqında ətraflı məlumatlar diqqətə çatdırıldı.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, çoxsaylı əcnəbi jurnalistin iştirak etdiyi mətbuat konfransında dövlətimizin başçısı tərəfindən Xocalı soyqırımı ilə bağlı faktlar səsləndirildi, bir daha dünya ictimaiyyətinə əsl həqiqətlər çatdırıldı:
“Eləcə də regionun gələcəyi üçün mühüm mesajlar verildi. Dövlətimizin başçısı artıq regionda yeni bir dövrün başladığını vurğuladı. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq indi Azərbaycanın əsas hədəfidir. Ölkəmizin bu prosesi müvəffəqiyyətlə həyata keçirmək üçün bütün imkanları var. İşğaldan azad olunmuş ərazilər bərpa olunduqdan və məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra Azərbaycan üçün yeni iqtisadi imkanlar açılacaq.
Dövlətimizin başçısının dediyi kimi münaqişənin həllində bizim niyyətimiz hər zaman aydın və səmimi olub. Ötən ilin iyul, avqust aylarında bizə qarşı bir sıra hərbi təxribatlar törədildi. Sonra da sentyabr ayındakı təxribat - biz təbii ki, adekvat cavab verməli olduq. Ona görə də bu sual veriləndə ki, davamlı sülh necə ola bilər, bu, yalnız imzalanmıış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə olar. Bəyanatın nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə təhvil verildi. Bu gün biz onu müzakirə edirik ki, bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu isə əməkdaşlıqdır. Bizim məqsədimiz artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, burada Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər. Sülh üçün daha bir şərt ondan ibarətdir ki, Ermənistan siyasi dairələri anlamalıdırlar ki, hər hansı bir revanş və ya qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cavablandırılacaq. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də dövlətimizin başçısı xəbərdarlıq edib ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır və sülh tədricən addım-addım regiona gələcək”.
Deputatın fikrincə, Prezident bir daha bəyan edib ki, Qarabağın həm aran və həm də dağlıq hissəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir:
“Bunu hər kəs anlamalıdır. O cümlədən, Qarabağın separatçılarının da son cəhdləri əbəsdir. Bu torpaqlarda yaşamış azərbaycanlılar geri qayıdacaqlar. Dövlətimizin başçısı bu barədə mövqeyini birmənalı şəkildə bəyan etdi. Bütövlükdə Prezident İlham Əliyevin mətbuat konfransı miqyası və əhatəliliyi baxımından tarixi əhəmiyyət kəsb edir”.