Azərbaycanda dövlət siyasətinin mərkəzində hər zaman vətəndaş və onun maraqları dayanır. Xüsusilə, cəmiyyətin həssas təbəqəsinə qayğı əsas prioritetdir. Eyni zamanda bu sahədə ünvanlılıq prinsipinin qorunması da əsas üstünlüklərdən biridir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun fikrincə, Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması da ardıcıl həyata keçirilən sosial layihələrdəndir: “Yeni yaşayış kompleksinin istifadəyə verilməsi ilə 1512 ailənin məişət problemi həll olundu. Üstəlik, bu ərazidə sosial infrastruktur ən yüksək standartlar səviyyəsində qurulub. Dövlət başçısı tərəfindən cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə qazisi mənzil, habelə fərdi evlə təmin ediləcəkdir. Ehtiyacı olan bütün qazilərə də dövlət dəstəyi davam etdirilir. Şağan qəsəbəsində açılışı olan reabilitasiya mərkəzi minlərlə qazinin hər il müalicə almasını, reabilitasiyadan keçərək, sağlamlığının bərpa olunmasını təmin edəcək. Eyni zamanda 300-dən çox qazimizin protezlərlə təmin edilməsi də bu sahədə atılan vacib addımlardandır”.
Millət vəkili qeyd edib ki, dövlət şəhid ailələri və müharibə qaziləri üçün əlindən gələni edir: “Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə qazisi dövlət tərəfindən mənzillərlə təmin edilib. İstər birinci, istərsə də İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillərlə təmin olunması nəzərdə tutulur. Paralel olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib. Ən vacib məqamlardan biri də odur ki, vətənimizin azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə, sağlamlığını vətən uğrunda itirən qazilərimizə sosial dəstək proqramları heç bir halda təxirə salınmır. Qlobal miqyasda iqtisadi böhran vəziyyətinə rəğmən bütün layihələr vaxtında, hətta nəzərdə tutulduğundan tez icra olunmaqdadır. Bu mənada Azərbaycanda həyata keçirilən sosial siyasət bir çox üstünlüklərinə görə fərqlənir”.
Könül Nurullayeva bildirib ki, qəhrəman oğullarımız şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün örnək olduğu kimi, dövlətin şəhid ailələri və qazilərə yanaşması da əsl nümunədir: “Biz 44 günlük savaşda vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğunu gördük. Hər kəsə məlumdur ki, Vətən müharibəsində Ermənistan işğalçılıq müharibəsi aparırdı. Öz dövlətinin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan əsgəri isə tərəddüd belə etmədən şəhidlik zirvəsinə ucalaraq öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirdi. Dövlət isə bu fədakarlığı dəyərləndirir. Bu kateqoriyadan olan insanların və ümumilikdə əhalimizin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər bundan sonra da davam etdiriləcək”.