Xaricdən alış-veriş zamanı 300 dollar limitin artırılması ilə bağlı dəfələrlə çıxışlar edilib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib:
"Bu qərara qədərki dövrdə elektron ticarət vasitəsilə sifarişlərin həcmi demək olar ki, 85 faizi 300 dollar limiti keçmir. Bu gün uzaq regiondakı rəqəmlərlə müqayisə etsək, ay ərzində 4 nəfərlik ailə 1200 dollar həcmində sifariş edə bilər.
Əgər hökumət qərarda limiti dəyişərsə, bizim işimiz bunu icra etməkdir. Bu gün yeni elektron tətbiq nəticəsində məlum olur ki, vətəndaşın adına başqası məhsul sifariş edib. Smart Customs tətbiqi nəticəsində belə dələduzluqlar aradan qaldırılacaq.
Bu gün yüksək səviyyədə xidmət qurulur. Mobil tətbiqimizin əsas özəyi problemləri aradan qaldırmaqdır. Tətbiq sayəsində vətəndaş limiti aşdığı zaman günlərlə növbə gözləməyəcək. Artıq vətəndaş sifariş etdiyi malı gömrüyə bəyan edərək, bütün proseslərə nəzarət edəcək. Bir neçə il sonra bunun əl çatanlığını vətəndaşlarımız hiss edəcək.
Elektron ticarətlə alış-veriş zamanı sifariş edilən məhsul gömrük sistemində görünmürsə, deməli, məhsul hələ ki çatmayıb. Bu, şirkətin öhdəliyidir.
Səfər Mehdiyev bildirib ki, şirkətlərin dövriyyəsi artdığı üçün gün ərzində gələn bağlamaları realizasiya etməyə vaxt çatmır: "Əgər bağlama tapılmırsa, bu, gömrüyün problemi deyil. Bu gün 500 min bağlamadan danışırıqsa, bu rəqəm yaxın zamanda 1 milyona çatacaq. Prosesin asanlaşdırılması üçün şirkətlərə də təklif etmişik ki, realizasiya aparatları alsınlar.
Əgər məhsul vaxtında bəyan olunubsa, 80-85 faiz yük elə həmin gün şirkətin anbarına daxil olur. Gecikmə varsa, problem daşıma şirkəti ilə əlaqəlidir. Hazırda yeni layihə üzərində işləyirik. Yaxın günlərdə təkcə hava nəqliyyatı ilə deyil, şəhərin mərkəzində yeni mərkəz açılacaq. Vətəndaşlar şirkətlərdən məhsullarını daha rahat şəkildə əldə edəcəklər".